
“Yaxşı oyun izlədik. Hər iki komanda layiqli mübarizə apardı. Bizi səfərdə nəyin gözlədiyini bilirdik. Şanslı tərəf biz olduq".
Sportnet.az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə “Aris”lə Yunanıstanda 2:2 hesablı heç-heçə edən “Araz-Naxçıvan”ın baş məşqçi Elmar Baxşıyev deyib.
45 yaşlı mütəxəssis mətbuat konfransında bildirib ki, 38-ci dəqiqədə qazandıqları penalti görüşün qırılma nöqtəsi olmayıb: "Hakimlərin qərarını heç vaxt müzakirə etmək istəməmişəm. Bakıdakı oyunda da bizim xeyrimizə penalti təyin edilməli idi, amma bunu etmədilər. Biz də bunu qabartmadıq. Oyunun qırılma nöqtəsi isə penalti epizodu deyildi".
Baxşıyev “Aris”in oyununa da diqqət çəkib: "Rəqibin çıxışını da vurğulamaq lazımdı. Yaxşı, təşkilatlanmış komandadır. Bakıdakı oyunda da geri dönüşü futbolçularım etdi. Hər iki oyunda “Araz-Naxçıvan” meydanda yaxşı işlər gördü".
Lakin baş məşqçi yerli jurnalistlərin fikirləri ilə razılaşmayıb: "Bu cür mərhələlər iki oyundan ibarətdir. Deyirsiniz ki, iki epizodumuz oldu və hər ikisini dəyərləndirdik. Bunlar futbolun elementləridir. Bakıdakı oyuna baxsaq, epizodları hesablasaq, 5:1 hesabı ilə qalib gəlməli idik. Komanda şəklində yaxşı, layiqli mübarizə apardıq. Yolumuza davam edirik”.