
2025/2026 mövsümündə Azərbaycanın 4 klubundan 3-ü avrokuboklarda II təsnifat mərhələsini dəf etməyi bacarsa da, "Zirə" mübarizəni erkən dayandırmalı olub.
Halbuki bu komanda ötən mövsüm "Qarabağ"dan sonra ikinci ən yaxşı nəticəni göstərib, Konfrans Liqasında pley-off mərhələsinədək irəliləməyi bacarıb.
2024/2025 mövsümündə "qartallar" III təsnifat mərhələsində Xorvatiya "Osiyek"ini (1:1, 2:2) penaltilər seriyasında üstələməyi bacarmışdı - 2:1.
Bu dəfə isə Xorvatiyanın digər təmsilçisi "Hayduk" Bakıda və Splitdə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşmış matçın əlavə vaxtında vurduğu qolla "Zirə"nin irəliləməsinə imkan verməyib.
Ev oyununda "Zirə"nin qolunun müəllifi Brahim Konate zədələnib. Səfər qarşılaşmasına o və viza ala bilməyən Anje Mutsinzi yollana bilməyib.
Daha ciddi itkilər isə bu oyunlardan əvvəl baş verib. Hücum xəttinin aparıcı simalarından olan Salifu Sumanı İsveç "Malmö"sünə satan "Zirə"də yay hazırlığına gec qoşulan Rafael Utziq əvəzedici heyətə göndərilib. Nəticədə "Zirə" "dişsiz" hücum xətti ilə mübarizə aparmalı olub.
Daha bir diqqətçəkən məqam isə baş məşqçi Rəşad Sadıqovun Premyer Liqa matçlarında forma şansı vermədiyi Tiaqo Silvanı "Hayduk"a qarşı hər iki görüşdə əsas heyətdə oynatması olub.
"Zirə" məsələni Bakıda həll etməli idi"
"Zirə"nin erkən dayandırmasının səbəblərini araşdırmaq üçün Teleqraf veteran futbolçu Tərlan Əhmədova müraciət edib. 54 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan təmsilçisi məsələni hələ ilk oyunda həll etməli idi: "Rəqibin güclü, zəngin keçmişə və avrokubok təcrübəsinə malik komanda olduğunu mən də düşünürdüm. Amma hazırkı "Hayduk"un əvvəlki "Hayduk" olmadığını hamımız gördük. "Zirə" Bakıdakı ilk oyunda məsələni həll etməli idi. Bunun üçün şansı da var idi".
Əhmədovun sözlərinə görə, hücum xəttindəki problemlər "Hayduk"la qarşılaşmalarda komandaya təsirsiz ötüşməyib: "Düzdür, Suma İsveç "Malmö"sünə, mətbuatda yazılanlara əsasən, 1,3 milyon avroya satıldı. Yəni, bu, klubun büdcəsinə maddi tərəfdən bir dəstək oldu. Artıq yeni futbolçu almaq olar. Utziqin məsələsinə gəldikdə, burada bir qədər qaranlıq vəziyyət alınıb. O, Premyer Liqada yaxşı çıxış etdi, hücum xəttində faydalı oldu, önəmli fiqura çevrildi.
Vurduğu qollar, verdiyi məhsuldar ötürmələr, komandanın hücum xəttindəki aqressivlik ən çox ona görə idi. Bütün bunların qarşılığında burada qalmaq istəməməsi sual doğurur. Komanda uğurlu çıxış etdiyi bir vaxtda onun transferə çıxarılmasının səbəbini biz bilmirik".
Onun fikrincə, Utziqin əsas komandadan kənarlaşdırılması kollektiv daxilində hansısa problem yaratması ilə əlaqədar ola bilər: "Belə cəza tədbirlərinə Qurban Qurbanov da, əcnəbi baş məşqçilər də əl atıb. Bunların hamısı təbiidir. Amma bunu Tərlan Əhmədov edəndə ajiotaj kimi yaradır, şişirdirdilər. "Zirə" pis oynamadı. "Hayduk"dan zəif də deyildi. Rəşad Sadıqov cavab görüşündən sonra "Məğlub olsaq da, özümüzü qalib kimi hiss edirik" deyib. Bu, şəxsi fikridir. Mərhələ keçsəydilər, yaxşı olardı, hamımız sevinərdik. Lakin hücum xəttindəki problem, Sumanın yeri görünürdü. "Suma və Utziq olsaydı, "Zirə" mərhələni keçəcəkdi" deyə bilmərəm, amma "Zirə"nin fərqlənmək şansları daha çox olardı. Biz bunu ötən mövsümün oyunlarında da görmüşdük. Bu iki oyunçu hücum xəttində böyük tandem yaradır, böyük fayda verirdilər".
"Rəşad Sadıqov bunu etsəydi, futbolçuların yanında hörmətdən düşəcəkdi"
Sabiq baş məşqçi Utziqə verilən cəzanın haqlı olduğunu vurğulayıb: "Rafael hazırlıq prosesində iştirak etməyib. Onu birbaşa əsas komandaya qaytarmaq digər futbolçulara təsir edə bilərdi. Artıq Rəşad Sadıqov futbolçuların yanında hörmətdən düşəcək, bir futbolçuya görə karyerasını sual altında qoyacaqdı. Sabah o biri futbolçular da həmin hoqqanı verəcək, "Getmək istəyirəm, təklifim var" deyəcəkdilər. Bunların hamısı baş məşqçi üçün bir zərbədir. Heç kim rahat deyə bilməzdi ki, "Zirə" mərhələ keçməyəcək. Hamı komandamız üçün asan olmayacağını bilirdi, amma şansımız var idi".
Onun sözlərinə görə, kollektivdaxili nizam-intizam hər şeydən öndə gəlməlidir: "Məsələ burasındadır ki, klubun işi bir illə bitmir, kollektivdə nizam-intizam olmalıdır. Baş məşqçi sərtlik göstərməsə, nəticə olmaz. Niyə bir futbolçuya görə o biriləri də baş məşqçiyə inamsızlıq bəsləməlidir, "futbolçudan qorxur" deyə düşünməlidir? Futbolçu günahkardırsa, cəzasını almalıdır".
Əhmədovun fikrincə, problem təkcə Utziqlə əlaqədar deyil: "O, gəlmədiyi müddətdə yeni hücumçu axtarışları olmalı idi. Bunu demək bizim üçün rahat, yeni hücumçunu tapmaq çətindir. Oyun da göstərdi ki, "Zirə" rəqibini keçə bilərdi. Qırmızı vərəqə olmamalı idi, sarı vərəqəsinin olduğunu bilən Quima növbəti qayda pozuntusuna yol verməməli idi. Problemlər təkcə Utziqlə əlaqədar deyil. Qırmızı vərəqə olmasaydı, oyun "Zirə"nin üstünlüyü ilə keçəcəkdi. Azlıqda qalmasına baxmayaraq, üstünlük komandamızın tərəfində idi. Oyunçu sayı bərabər olsaydı, "Zirə" mərhələni keçməyə daha şanslı idi".
"Orada şəxsi ədavətdən söhbət gedə bilməz"
Utziqin əsas komandadan kənarlaşdırılması baş məşqçi Rəşad Sadıqovun onunla şəxsi ədavət aparması ilə də əlaqələndirilə bilər. Çünki ötən mövsüm o, heç də pis təsir bağışlamayıb. Bu halda, hansısa davranışına görə Sadıqovun qəzəbinə tuş gəlməsi də istisna edilmir. Lakin Əhmədov şəxsi ədavət ehtimalını istisna edib: "Daxildə nələrin baş verdiyini biz bilmirik. Mətbuatdan oxuduğuma görə, "Zirə"də Utziq problemi var. Əvvəllər nələrin baş verdiyini isə bilmirəm. İnanmıram ki, Rəşad Sadıqov onunla prinsip aparsın. Sadəcə, Sadıqov futbolçunun və ya özünün mənafeyini yox, baş məşqçi kimi komandanın prinsiplərini üstün tutur. Yəni, futbolçu kluba qarşı hörmətsizlik edə bilməz. Görünür, Utziqin hansısa yanaşması düzgün olmayıb ki, baş məşqçi də belə addım atıb. Orada şəxsi prinsipdən söhbət gedə bilməz. İnanmıram ki, Sadıqov Utziqlə mövsümün sonlarında prinsip aparsın və əsas komandadan kənarda qoysun, teatr şousu baş versin".
Veteran futbolçunun sözlərinə görə, baş məşqçi klubun prinsiplərini üstün tutaraq cəza tədbirinə əl atıb: "Görünür, ya Utziqin məşqlərə yanaşması düzgün olmayıb, ya məşqlərdə zəif iştirak edib, qol vursa da, ümumi çıxışı və ya komanda yoldaşları ilə davranışı Sadıqovu qane etməyib, ya da hansısa bilmədiyimiz başqa bir məsələ baş verib. Bu, klubun prinsiplərinə görə atılan addıma oxşayır".
Bəs braziliyalı hücumçu qarşıdakı günlərdə bağışlana bilərmi? Əhmədov hər şeyə Azərbaycan Premyer Liqasının start götürəcəyi avqustun 15-dək aydınlıq gələcəyini açıqlayıb: "Bildiyim qədərilə Utziq hazırda "Zirə"nin əvəzedici komandası ilə məşq edir. Əsas komanda isə Konfrans Liqası ilə vidalaşdıqdan sonra Premyer Liqaya köklənəcək. Qarşıdakı 2 həftə ərzində kollektivə qaytarılıb-qaytarılmayacağı qərarı rəhbərliyə aiddir. Əsas komandaya qoşulsa belə, onu bir müddətdən sonra meydanda görə biləcəyik. Bu da ola bilər ki, Sumanın satışından əldə olunan vəsaitlə yeni hücumçu alınsın və Utziqə ehtiyac da olmasın. Bunların hamısı gedişatdan asılı olacaq. Amma məsələ yaxın zamanlarda həllini tapacaq. İnanmıram ki, əvvəlki Utziqi görə bilək. Səhvini başa düşsə, bu, bəlkə də mümkündür. Amma məsələnin nədən qaynaqlandığını bilmirik. Komandada qalaraq, xeyir verib-verməyəcəyi sonrakı mərhələdə gündəmə gələcək".
"İkinci qolda Tiaqo Silvanın mövqeyi düzgün deyildi"
Əhmədov Premyer Liqa oyunlarında çıxış etməyən Tiaqo Silvanın avrokubok matçlarında meydana çıxmasına dair mülahizələrini də bölüşüb: "Bu sual Sadıqovun özünə verilsə, daha yaxşı olar. Amma bildiyim qədərilə Silva ötən mövsüm Konfrans Liqasının oyunlarında yaxşı çıxış etmişdi, xüsusən, Xorvatiya "Osiyek"i ilə görüşlərdə penaltiləri dəf etməyi bacarmışdı. Nəticədə "Zirə" mərhələlər adlamışdı. Yəni, bəlkə də Sadıqov Silvanın Avropa təcrübəsi olduğu üçün bu addımı atmışdı. Premyer Liqa oyunlarında meydana az çıxması isə limitə görə ola bilər".
O bildirib ki, "Zirə"nin "Hayduk"a iki oyunun yekununda sırf qapıçının günahı üzündən uduzduğunu da demək olmaz: "Bəli, Xorvatiyada buraxılan ikinci qolda Silvanın mövqeyi düzgün deyildi. Buna görə də cərimə zərbəsi vurulduqdan sonra topa çata bilmədi. Lakin mövsüm ərzində meydana çıxmadığı halda, avrokubokda oynamasının səbəbi barədə açıqlamanı baş məşqçinin özü verə bilər. Çox vaxt baş məşqçilər riskə gedir və bu, uğurlu alınır. Artıq legioner limiti yoxdur, meydana istədiyin sayda əcnəbi buraxa bilərsən".
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında, "Sabah" və "Araz-Naxçıvan" isə Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.