
"Sabahkı oyunu böyük səbirsizliklə gözləyirik".
Sportnet.az xəbər verir ki, bunu Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq Bakıda "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
66 yaşlı mütəxəssisin sözlərinə görə, "Araz-Naxçıvan" ötən mərhələdə Yunanıstan "Aris"inə qarşı yaxşı oynayıb və güclü komandadır: "Rəqib keyfiyyətli oyunçulardan ibarətdir. Komandanın oyun üslubu çox effektlidir və keçən matçda da çox yaxşı çıxış etdilər. Sabahkı görüşdə maksimum konsentrasiya ilə hazır olmalıyıq və yaxşı nəticə üçün mübarizə aparacağıq”.
Norveçli baş məşqçi "Araz-Naxçıvan"la matçda favorit göstərilmələrinə belə reaksiya verib: "Hər oyunda adətən bir komanda favorit sayılır və onun qalib gəlmə ehtimalı daha yüksək görünür. Amma bu, məşqçilər üçün bir o qədər də önəmli deyil.
"Araz-Naxçıvan" "Aris"ə qarşı iki yaxşı oyun keçirdi və yüksək səviyyədə çıxış etdi. Biz isə sabah əlimizdən gələni edərək bu rəqibə qarşı qalib gəlməyə çalışacağıq.
Favorit olmaq deyil, meydanda göstərilən oyun nəticəyə təsir edir. İki fərqli mövsümün komandalarını müqayisə etmək asan deyil.Keçən il mən burada olmamışam, amma komanda çox yaxşı çıxış edib. Belə deyim, "Aris" "Araz-Naxçıvan"ı üstələyə bilsəydi, yəqin ki, favorit "Aris" sayılardı. Amma hazırda bu statusun kimə aid olduğu o qədər də vacib deyil — əsas olan sabahkı oyundakı çıxışımızdır".