
"Oyundan sonra futbolçularımdan rəqibə baxmalarını istədim".
Sportnet.az xəbər verir ki, bunu "Ferentsvaroş"un baş məşqçisi Robbi Kin Macarıstanda "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.
İrlandiyalı mütəxəssisin sözlərinə görə, Azərbaycan klubunun futbolçuları qələbəni cütün qalibi kimi mərhələ adladıqları tərzdə qeyd ediblər: "Bu, bizim üçün motivasiya deyilsə, bilmirəm nədir. Rəqib elə bilir ki, qalib gəlib. Bu, bizi ümidləndirir. Futbolda hər şey olur, bu vəziyyətdən çıxmaq lazımdır".
Kin məğlubiyyətdə hücumameylli yarımmüdafiəçi Ötvöş Bentsenin zədələnməsinin də rol oynadığını bildirib: "Deməzdim ki, biz ilk yarıda oyuna tam nəzarət edirdik. "Qarabağ" topa sahib idi, amma oyun yaxşı keçdi. Üzülürük ki, belə qollar buraxdıq. Oyuna daha çox nəzarət etmək istərdik. Fikrimcə, Ötvöşün zədələnməsi bizim üçün böyük itkidir. Çünki o, əsl "6-lıq" oyunçusudur".
Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"la cavab görüşünü avqustun 27-də keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq oyun saat 20:45-də başlanacaq.