Qəbələ şəhər stadionunda gündə bir dəfə məşq keçən komanda əvəzedici heyətlə yoxlama oyununda da gücünü sınayıb. Roman Qriqorçukun yetirmələri sabah oyunöncəsi son məşqinə çıxacaq.
İyulun 9-da baş tutacaq cavab qarşılaşmasından bir gün əvvəl "Dinamo” da Qəbələ şəhər stadionunda hazırlıq keçəcək. Tiflis təmsilçisi ilə görüş "Qəbələ"nin mövsümdə 2-ci rəsmi matçı olacaq. Doğma stadionda yeni mövsümün ilk oyununa çıxacaq "qırmızı-qaralar” ötən il debüt etdiyi avrokuboklarda 4-cu qarşılaşmasını keçirəcək.
Qəbələdə baş tutacaq 2-ci avrokubok oyununda komandamızı yalnız qələbə qane edir. Ötən həftə Tiflisdəki Boris Payçadze adına "Dinamo Arena”da 1:2 hesabı ilə uduzan "Qəbələ” mərhələ adlamaq üçün qol buraxmadan istənilən hesabla qalib gəlməli, qapısına qol görsə, 2 və ya daha çox top fərqi ilə qələbə qazanmalıdır.
Matç Qriqorçukun "Qəbələ”nin baş məşqçisi postunda 20-ci oyunu olacaq. Bunadək o, 16 çempionat, 2 kubok və 1 avrokubok matçında komandanın "sükanı arxası”nda olub. Görüşü fransalı hakimlər briqadası idarə edəcək. Baş hakim funksiyasını Bordo Universitetinin bədən tərbiyəsi müəllimi, 2015-ci ildən FİFA referisi olan 38 yaşlı Amori Deleru yerinə yetirəcək.