
"Çempionlar Liqasına qayıtmaq çox xoşdur. Çünki məhz bu zaman ən yaxşı komandalara qarşı oynamaq mümkündür".
Sportnet.az xəbər verir ki, bunu Niderland "Ayaks"ının kapitanı Devi Klassen Çempionlar Liqasının Liqa mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
32 yaşlı yarımmüdafiəçi püşkü maksimal dərəcədə əlverişli adlandırmağın əleyhinə çıxıb: "Əslində, mənim üstünlük verdiyim püşk yox idi. Top komandalar çoxdur. Ona görə də bilmirəm ki, nəticəni rəqiblərin gücü baxımından nə dərəcə əlverişli adlandırmaq olar. Fikrimcə, əla püşkdür, çünki bir neçə yaxşı komanda var. "Qarabağ"la bir qədər uzaqda oynayacağıq. Bu, üzücüdür. Qalan rəqiblərin nisbətən yaxın olmaları yaxşı haldır".
Qeyd edək ki, püşkə əsasən, "Ayaks" "Qarabağ"la oyununu Bakıda keçirəcək. Digər rəqiblər isə İtaliyanın "İnter", İngiltərənin "Çelsi", Portuqaliyanın "Benfika", İspaniyanın "Vilyarreal", Yunanıstanın "Olimpiakos", Fransanın "Marsel" və Türkiyənin "Qalatasaray" komandalarıdır.