
İsveçrənin Nyon şəhərində UEFA Gənclər Liqasının Çempionlar Yolu üzrə I, II və III raundlarının püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, mübarizəyə II raunddan başlayacaq 19 yaşadək futbolçular arasında Azərbaycan çempionu "Sabah"a Fransa "Nant"ı rəqib olub.
İlk oyun 22 oktyabrda səfərdə, cavab görüşü 5 noyabrda evdə olacaq. Cütün qalibi III raundda "Austria Vyana" (Avstriya) - "Makkabi Hayfa" (İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matç noyabrın 26-da səfərdə, cavab qarşılaşması dekabrın 10-da evdə olacaq.
Qeyd edək ki, UEFA Gənclər Liqasının Liqa Yolunda "Qarabağ"ın U-19 komandası mübarizə aparacaq. Ağdam təmsilçisi əsas komandanın Liqa mərhələsindəki rəqiblərindən "Ayntraxt Frankfurt" (Almaniya) və "Liverpul" (İngiltərə) ilə oyun keçirməyəcək. Bu komanda ilk 6 turda "Benfika" (Portuqaliya), "Kopenhagen" (Danimarka), "Atletik" (İspaniya), "Çelsi" (İngiltərə), "Napoli" (İtaliya) və "Ayaks" (Niderland) U-19-ları ilə üz-üzə gələcək.