
Fransa və Azərbaycan millilərinə qarşı 2026-cı il dünya çempionatının seçmə qrup oyunlarına hazırlaşan Ukrayna millisində daha bir məcburi dəyişiklik baş verib.
Sportnet.az-ın məlumatına görə, İngiltərə "Everton"undan dəvət edilmiş müdafiəçi Vitali Mikolenko düşərgəni tərk edib.
MRT müayinəsindən sonra 26 yaşlı sol cinah oyunçusunun klubunda aldığı zədənin əlamətləri üzə çıxıb. Onun "Dinamo Kiyev"in müdafiəçisi Vladislav Dubinçak əvəzləyib.
Daha əvvəl İspaniya "Real Madrid"indən dəvət almış qapıçı Andrey Lunin də zədə üzündən Ukrayna millisinin düşərgəsindən ayrılıb.
Xatırladaq ki, Ukrayna millisi Fransanı sentyabrın 5-də Polşanın Vrotslav şəhərində qəbul edəcək. Daha sonra bu komanda sentyabrın 9-da Bakıda Azərbaycan millisinin qonağı olacaq.