2026-cı il dünya çempionatının seçmə mərhələsində sentyabr qarşılaşmalarına yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə 5 qrupda 9 görüş keçirilib.
D qrupunda Azərbaycan millisi Ukrayna ilə heç-heçə edib. Nəticədə hər iki komanda ilk xalını qazanıb. Fransa isə evdə İslandiya üzərində əzmkar qələbə qazanıb. "Xoruzlar" bunu hesabda geri düşmələrinə və 68-ci dəqiqədən azlıqda qalmalarına baxmayaraq bacarıblar. Hesabı 21-ci dəqiqədə Andri Qudyonsen açıb. 45-ci dəqiqədə Kilian Mbappe bərabərlik, 62-ci dəqiqədə Bradli Barkola qələbə topunu vurub. Meydan sahibləri 68-ci dəqiqədə Orelyen Çuameninin qırmızı vərəqə alması üzündən matçı 10 oyunçu ilə başa vurublar.
Bu qələbədən sonra Fransa 6 xalla vahid lider olub. İslandiya 3 xalla 2-ci yerdə gedir. Hərəyə 1 xalı olan Ukrayna və Azərbaycan 3-4-cü yerləri bölüşür. Oktyabrın 10-da Fransa - Azərbaycan və İslandiya - Ukrayna görüşləri keçiriləcək.
F qrupunda daha çox Macarıstan - Portuqaliya oyunu diqqət mərkəzində olub. Qonaqların 3:2 hesablı qələbə qazandığı görüşdə qollardan birini penaltidən Kriştianu Ronaldu vurub. Ermənistan isə qrupda ilk qələbəsini evdə İrlandiya üzərində qazanıb.
H qrupunda Bosniya və Herseqovina millisi ardıcıl 4 qələbənin ardından evdə Avstriya yığmasına uduzub.
I qrupunda Norveç yığması Moldovanı 11:1 hesabı ilə darmadağın edib. Qollardan 5-ni Erlin Holann, 4-nü Telo Osqor vurub.
K qrupunda İngiltərə səfərdə Serbiyanı 5:0 hesabı ilə yenib.
Hər iki qalib komanda öz qruplarında itkisiz irəliləyir.
D qrupu
20:00. Azərbaycan – Ukrayna - 1:1
22:45. Fransa – İslandiya - 2:1
Xal durumu: Fransa – 6 xal (2 oyuna), İslandiya – 3 (2 oyuna), Ukrayna – 1 (2), Azərbaycan – 1 (2)
F qrupu
20:00. Ermənistan – İrlandiya - 2:1
22:45. Macarıstan – Portuqaliya - 2:3
Xal durumu: Portuqaliya – 6 xal (2 oyuna), Ermənistan – 3 (2), Macarıstan – 1 (2), İrlandiya – 1 (2)
H qrupu
22:45. Bosniya və Herseqovina – Avstriya - 1:2
22:45. Kipr – Rumıniya - 2:2
Xal durumu: Bosniya və Herseqovina – 12 xal (5 oyuna), Avstriya – 12 (4), Rumıniya – 7 (5), Kipr – 4 (5), San Marino - 0 (5)
I qrupu
22:45. Norveç – Moldova - 11:1
Xal durumu: Norveç – 15 xal (5 oyuna), İtaliya - 9 (4), İsrail - 9 (5), Estoniya - 3 (5), Moldova – 0 (5)
K qrupu
22:45. Albaniya – Latviya - 1:0
22:45. Serbiya – İngiltərə - 0:5
Xal durumu: İngiltərə – 15 xal (5 oyuna), Albaniya – 8 (5), Serbiya – 7 (4), Latviya – 4 (5), Andorra - 0 (5).
Qeyd edək ki, növbəti turun oyunları oktyabrda olacaq.










































































