
Azərbaycan milli komandasının futbolçusu Bəhlul Mustafazadə evdə Ukrayna ilə 1:1 hesablı heç-heçə etdikləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Müvəqqəti olsa da, yerli baş məşqçinin rəhbərliyi altında bir xal qazandınız. Nə dəyişdi?
- Baş məşqçi gəldi, ilk növbədə, özümüzə olan inamı geri qaytarmağa çalışdıq. Bu barədə daha çox söhbətlər apardıq, komanda şəklində məşq etmək imkanımız o qədər də yox idi. Buna görə də baş məşqçi bu yolu seçdi. Onun söhbətlərinin komandaya müsbət təsir etdiyini düşünürəm. Bunu meydanda göstərməyə çalışdıq.
- Bu əzmi və iradəni keçən oyunlarda göstərə bilməməyinizin səbəbi keçmiş baş məşqçi idi?
- Bu barədə danışmaq istəmirəm, artıq əvvəlki baş məşqçimiz (Fernandu Santuş - red.) gedib, bunu səbəb göstərmək etik deyil. Ümumiyyətlə, deyə bilərəm ki, Ayxan Abbasov gəldi və o, uşaqları yaxşı tanıyır, bu da effekt verdi. Gələn oyunlara hazırlaşacağıq ki, daha yaxşı çıxış edək.
- Motivasiyanı bir kənara qoyaq. Oyundan öncə hansı fikirlər var idi, rəqibi necə analiz etmişdiniz, düşüncələr nə idi?
- Səfərdə aldığımız ağır məğlubiyyətdən sonra toparlanmaq çətin oldu. Baş məşqçimiz Ayxan Abbasov bu barədə çox çalışdı, bizi toparladı. Ümumiyyətlə, qısa müddət ərzində Ukraynanı analiz edə bildik və komanda şəklində təşkilatlanmış olduq. Meydanda hər kəs nə etdiyini bilirdi, hər kəs əlindən gələni etdi ki, keçmiş nəticəni unutdura bilək.
- Fasilədə Ayxan Abbasov sizinlə hansı müzakirələri apardı?
- Ümumiyyətlə, rəqib komanda haqqında bəzi detalları bizə bildirdi və oyuna davam etməyimizi, şanslarımızın olacağını dedi. Biz də maksimum çalışdıq ki, onun tapşırıqlarını yerinə yetirək.
- İlk dəfə Azərbaycana avrokuboklarda qrup mərhələsində təmsil edən yerli baş məşqçi kimi Böyükağa Hacıyev, daha sonra isə Qurban Qurbanov olub. Yəni yerli baş məşqçilər daha uğurlu olur. Düşünmürsünüz ki, milli komandada yerli baş məşqçi ilə davam etmək lazımdır?
- Əslində, bu barədə nə isə demək mənim səlahiyyətimdə deyil. Dediyim kimi, Ayxan Abbasov uşaqları xarici məşqçilərdən daha yaxşı tanıyır, onların mentalitetini daha yaxşı bilir. Ümumilikdə bu barədə fikir bildirmək mənim üçün çətindir.
- Ümumiyyətlə götürsək, Ayxan Abbasovun sistemi sizə rahat gəldi, yoxsa uyğunlaşmaq çətin idi?
- Qısa müddət ərzində olsa da, maksimum çalışdı ki, öz düşüncələrini komandaya çatdıra bilsin. Düşünürəm ki, bu, onda çox yaxşı alındı. Uşaqlar meydanda hansı yerlərə düşmək lazım olduğunu bilirdilər və ümumilikdə müsbət təsir etdi.
- Ayxan Abbasovla davam etmək istərdinizmi?
- Əlbəttə. Niyə də olmasın?!
Aliya ƏLƏSGƏROVA