
Rusiya millisinin sabiq futbolçusu Fyodor Smolova qarşı cinayət işi açılıb.
Sportnet.az-ın məlumatına görə, bu, mayın 28-də Moskvanın mərkəzindəki "Kofemaniya" kafesində baş vermiş dava ilə əlaqədardır.
Həmin vaxt Smolov iki nəfərlə münaqişəyə girib və onların sifətlərinə zərbə endirib. Zərərçəkənlərdən birinin çənəsinin aşağı hissəsində və göz ətrafında sınıq aşkarlanıb.
Sonradan sabiq hücumçu problemi yoluna qoymaq istədiyini, lakin zərərçəkənlərin onu şantaj etməyə başladıqlarını bildirib. Həmin şəxslər davanın videosunun sosial şəbəkəyə düşməməsi üçün pul tələb ediblər. Son nəticədə elə də olub və nəzarət kamerasındakı görüntülər internetdə yayılıb.
Video yayıldıqdan bir neçə gün sonra Smolov zorla pul tələb etmə və fırıldaqçılıqla üzləşdiyini bildirərək, polisə şikayət edib.