
Portuqaliya "Benfika"sının baş məşqçisi Brunu Laji tutduğu vəzifədən istefa verib.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis bu addımı "Qarabağ"a evdə 2:3 hesabı ilə uduzduqları Çempionlar Liqasının Liqa mərhələsinin I tur matçından sonra atıb.
Məğlubiyyətə dözə bilməyən Laji klub prezidenti Ruy Koşta ilə qarşılıqlı razılıq əsasında postunu tərk edib.
O, "Da Luj" stadionunda azarkeşlərin kəskin tənqidlərinə və istefa tələblərinə belə qarşılıq verib. Laji mətbuat konfransında qərarı Ruy Koştaya buraxdığını bildirsə də, sonradan vəzifəsi ilə ikinci dəfə vidalaşıb.
Xəbəri klub prezidenti də mətbuat konfransında təsdiqləyib. O, yeni baş məşqçinin şənbə gününədək təyin olunacağını bildirib. Hazırda əsas namizəd kimi Joze Mourinyonun adı çəkilir.
Qeyd edək ki, Brunu Laji 2020-ci ildə də "Benfika"nın baş məşqçisi vəzifəsindən istefa verib.