
AFFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovdan 2026-cı il dünya çempionatının qarşıdakı seçmə oyunlarında da əsas millinin sükanı arxasında qalmasını istəyir.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, 44 yaşlı mütəxəssisə bu məqsədlə müxtəlif yollarla təsirlər göstərilir.
Mənbə hətta şantaj yoluna da əl atıldığını bildirir. Yəni, əsas milliyə rəhbərlik etməyə razılıq verməsə, Abbasov U-21-in baş məşqçi postundan kənarlaşdırıla bilər.
AFFA bu yolla istedadlı baş məşqçini razı salacağını düşünsə də, qarşı tərəfdən əks-reaksiya alıb.
Abbasov yalnız qarşıdakı seçmə oyunlar üçün millidə qalmağa razılaşmayıb və onunla 2028-ci il Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqavilə bağlanılmasını istəyib.
Xatırladaq ki, Azərbaycan yığması oktyabrın 10-da Fransa millisi ilə səfərdə qarşılaşacaq. Oktyabrın 13-də isə Ukraynaya qarşı səfər matçına çıxacaq. Ayxan Abbasov bunadək sentyabrın 9-da Ukrayna ilə 1:1 hesablı heç-heçə edən əsas millini oyuna çıxarıb.