
Azərbaycan U-16 yığmasının baş məşqçisi Aqil Nəbiyev III MDB Oyunlarında Qırğızıstan üzərində 4:0 hesablı qələbə qazandıqları A qrupunun II tur oyunundan sonra müsahibə verib.
Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis əvvəlcə finala vəsiqə qazandıqları qarşılaşma ilə bağlı təəssüratlarını bölüşüb:
– Çətin oyun gözləyirdik. Rəqib ilk görüşdə məğlub olmuşdu və itirəcək bir şeyi yox idi. Havanın yağışlı olması da bizə əlavə çətinlik yaratdı. İki fərqli hissə izlədik: ilk yarıda daha çox topa sahib olan tərəf rəqib idi. Lakin fasilədən sonra etdiyimiz dəyişiklik oyunun axarını dəyişdi. İkinci hissədə daha çox topa nəzarət edən, qol epizodları yaradan tərəf biz olduq. Bizim üçün qələbə vacib idi, çünki əsas hədəfimiz finala vəsiqə qazanmaq və orada çempion olmaqdır.
Düşən imkanlardan daha səmərəli istifadə etsəydik, hesab daha böyük ola bilərdi. Amma əsas məsələ finala yüksəlmək idi və bunu bacardıq. Finalda Rusiya və ya Belarus yığması ilə qarşılaşacağıq. Əgər rəqib Belarus olsa, onlar bizdən daha çox istirahət etmiş olacaqlar. Çünki onlar iki gün əvvəl oynayıblar, biz isə cəmi iki gün sonra finala çıxacağıq. İndi əsas diqqətimizi futbolçuların bərpasına yönəldəcəyik.
– AFFA rəsmiləri oyunlarınızı izləyirmi?
– Cahangir Fərəcullayev bizimlədir. O, iki günlük səfərdə idi, artıq geri dönüb və yanımızdadır. İnanıram ki, finalda da bizim yanımızda olacaq. Əsas məsələ bizim qələbəmizdir.
– Komandanın hazırkı durumu barədə nə deyə bilərsiniz?
– Artıq komanda kimi formalaşmışıq. U-14, U-15 və U-16 yaş qruplarından futbolçuları dəvət edirik. Aramızda yaxşı koordinasiya var, nəticələrimiz də bunu göstərir. Qələbə seriyası qazanmağımız birliyimizin və bərabərliyimizin nəticəsidir. Komandama və bizə dəstək olan hər kəsə təşəkkür edirəm. İlk oyundakı qələbəmizi şəhid ailələrinə həsr etmişdik, bu dəfə isə azarkeşlərimizə həsr edirik. Çox istərdik ki, finalda tribunalar dolsun və kuboku başımızın üzərinə qaldıraq.