
UEFA Çempionlar Liqasının Liqa mərhələsində II tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, 18 qarşılaşmanın ardından komandaların turnir cədvəlindəki mövqelərində dəyişikliklər baş verib.
"Qarabağ" ardıcıl ikinci qələbəsi sayəsində xalını 6-ya çatdıraraq, 6-cı pilləyə yüksəlib.
Ümumilikdə 2 görüşdən maksimum xal toplayan cəmi 6 komanda var. "Qarabağ"ı topların nisbətində yalnız böyük "5-lik" təmsilçiləri - Almaniyanın "Bavariya", İspaniyanın "Real Madrid", Fransanın PSJ, İtaliyanın "İnter" və İngiltərənin "Arsenal" komandaları qabaqlayır.
Turnir cədvəlinin ən aşağı pillələrinə gəldikdə, indiyədək xal qazana bilməyən 4 komandadan 3-ü "Qarabağ"ın rəqibləridir. Bunlar Azərbaycan təmsilçisinin ilk turda 3:2 hesabı ilə yendiyi Portuqaliya "Benfika"sı, növbəti turda qarşılaşacağı İspaniya "Atletik"i və VI turda Bakıda qəbul edəcəyi Niderland "Ayaks"ıdır. Ağdam komandasının II turda 2:0 hesabı ilə yendiyi Danimarka "Kopenhagen"i də 1 xalla növbəti mərhələyə vəsiqə verən "24-lük"dən kənarda - 28-ci pillədə yer alır.