Azərbaycan Premyer Liqasında VII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Araz-Naxçıvan" və "İmişli" qarşılaşıb.
İki komandanın ilk "duel"i meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 33-cü dəqiqədə Ba-Muaka Simakala açıb. 90+5-ci dəqiqədə isə Ülvi İsgəndərov yekun nəticəni müəyyənləşdirib.
Günün növbəti qarşılaşmasında "Zirə" "Neftçi"ni qəbul edib. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Hesabı 28-ci dəqiqədə meydan sahiblərindən Giorgi Papunaşvili açıb. 66-cı dəqiqədə Freddi Varqas bərabərlik qolunu vurub.
Oyunun sonları daha dramatik alınıb. 87-ci dəqiqədə Bassala Sambu "Neftçi"ni önə çıxarıb. Lakin 90+5-ci dəqiqədə FIFA referisi Kamal Umudlu qonaqların qapısına şübhəli penalti təyin edib. Qərara etiraz edən baş məşqçi Samir Abasova sarı, onun köməkçisi Vəfadar Quliyevə qırmızı vərəqə göstərilib. Penaltini Ruan Renato dəqiq yerinə yetirib.
90+7-ci dəqiqədə "Zirə" meydanda azlıqda qalıb. Ayron Qomis ikinci sarı vərəqəni alaraq, oyundan kənarlaşdırılıb. Lakin "Neftçi"nin bundan sonra qələbə topunu vurmağa vaxtı çatmayıb.
Beləliklə, bu nəticələrdən sonra "Araz-Naxçıvan" 14 xalla liderliyə yüksəlib. "Zirə" 13 xalla 2-ci yerdə gedir. "İmişli" və "Neftçi"nin hərəyə 8 xalı var. Onlar turnir cədvəlində müvafiq olaraq, 7-ci və 8-cidirlər.
Qeyd edək ki, turun qalan oyunları 4-5 oktyabrda keçiriləcək.
-------------------
Bu gün keçiriləcək 2 oyunla Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalarda meydan sahibləri qismində bu mövsüm Konfrans Liqasında mübarizə aparmış "Araz-Naxçıvan" və "İmişli" komandaları çıxış edəcək.
Naxçıvan təmsilçisi Bakının Mərdəkan qəsəbəsindəki "Liv Bona Dea Arena"da "İmişli"ni qəbul edəcək. Saat 17:00-da başlanacaq görüşü baş hakim Cavid Cəlilov idarə edəcək.
Hazırda "Araz-Naxçıvan" 6 oyundan 11 xalla 4-cü, "İmişli" isə 8 xalla 7-ci sırada yer alıb. Bu komandalar indiyədək üz-üzə gəlməyiblər.
Günün digər görüşündə "Zirə" "Neftçi"ni sınağa çəkəcək. 6 turdan sonra "qartallar" 12 xalla 2-ci, "ağ-qaralar" 7 xalla 8-ci pillədə qərarlaşıblar. İki kollektiv indiyədək çempionatda 38 dəfə üz-üzə gəlib. Bunların 15-də "Zirə", 14-də "Neftçi" qələbə qazanıb, 9 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində isə "Neftçi" öndədir - 44:41. “Zirə” son 5 oyunu qolsuz tərk etməyib. Son 3 matçda üç və ya daha çox top vurulub.
Azərbaycan Premyer Liqası, VII tur
3 oktyabr (cümə)
17:00. “Araz-Naxçıvan” – “İmişli” - 2:0
Qollar: Ba-Muaka Simakala, 33, Ülvi İsgəndərov, 90+5
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Liv Bona Dea Arena”
19:30. “Zirə” – “Neftçi” - 2:2
Qollar: Giorgi Papunaşvili, 28. Ruan Renato, 90+5 - Freddi Varqas, 66. Bassala Sambu, 87
Qırmızı vərəqə: Ayron Qomis, 90+7 ("Zirə")
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Samir Abasov, 90+5 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Vəfadar Quliyev (“Neftçi”), 90+5 (hakimin qərarına etiraz)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elman Musayev
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun qalan oyunları 4-5 oktyabrda keçiriləcək.














































































