
Qəbələdə keçirilən III MDB Oyunlarının final matçından sonra mükafatlandırma mərasimində Azərbaycan millisinin futbolçularından biri huşunu itirib.
Sportnet.az-ın məlumatına görə, bu, təltifetmə başa çatdıqdan sonra kollektiv foto çəkilişinə hazırlıq zamanı baş verib.
Bu zaman oyunçulardan biri yerə yıxılıb. O, ilkin tibbi yardım göstərildikdən sonra meydanı xərəkdə tərk edib.
Baş məşqçi Aqil Nəbiyev bildirib ki, həmin futbolçu İspaniyanın "Marcet" Futbol Akademiyasından dəvət almış Rəsul Balakişiyev olub: "Oyun öncəsi onun qidalanmasına kifayət qədər diqqət etməmişik. Hazırda vəziyyəti yaxşıdır, həkimlərin nəzarəti altındadır".
Qeyd edək ki, Azərbaycan millisi MDB Oyunlarının finalında Rusiyaya 2:3 hesabı ilə uduzaraq, gümüş medal qazanıb. Rusiya qızıl, Belarus bürünc medalçı olub.