
Bredli Barkolanın Fransa millisinin heyətindən kənarlaşdırılması futbolçunun klubu PSJ tərəfindən narazılıqla qarşılanıb.
Sportnet.az-ın məlumatına görə, 23 yaşlı hücumçu yığmanın təlim-məşq düşərgəsinə gəlsə də, baş məşqçi Didye Deşam onu evinə göndərib.
Bu, millinin həkim briqadasının forvardı tibbi müayinə edərək, sağ baldır vətərində xroniki zədə aşkarlamasından sonra baş verib.
Fransa Futbol Federasiyasından bildirilib ki, Barkolanın problemi hələ Çempionlar Liqasının ilk turunda PSJ-nin İtaliya "Atalanta"sına qarşı keçirdiyi oyundan davam edir. Baxmayaraq ki, o, sonrakı 3 qarşılaşmada da çıxış edib.
PSJ-nin bəyanatında isə yığmadakı tibbi diaqnozun klubun həkimlərinin təqdim etdikləri informasiya ilə heç cür uzlaşmadığı vurğulanıb. Hücumçunun oktyabrın 5-də "Lill"ə qarşı (1:1) Liqa 1 matçında 59 dəqiqə oynadığı və həkim diaqnozunda heç bir xroniki zədənin göstərilmədiyi açıqlanıb.
Paris təmsilçisindən o da bildirilib ki, həkim sirrinə bütün maraqlı tərəflərin mənafeləri naminə əməl olunmalıdır.
Zədə təsdiqlənsə, PSJ-nin baş məşqçisi Luis Enrike üçün daha bir baş ağrısı yaranacaq. İspaniyalı mütəxəssis hazırda zədə üzündən Joau Neveş, Markinyos, Usman Dembele, Fabian Ruis, Dezire Due və Xviça Kvaratsxeliyanın xidmətlərindən yararlana bilmir.
Onun millidəki həmkarı isə Barkolanın əvəzinə 6 ildən sonra Florian Tovenə dəvət göndərib. Hücumçu 2018-ci il dünya çempionatının qalibi olub. Hazırda "Lans"da çıxış edən Toven 7 oyuna 2 qol vurub.
Qeyd edək ki, Fransa yığması oktyabrın 10-da Azərbaycan millisini qəbul edəcək. Oktyabrın 13-də isə bu komanda İslandiyaya qonaq olacaq. D qrupunun hər iki matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.