
Rusiya millisinin sabiq futbolçusu Şamil Lahiyalov "Krasnodar" və "Axmat" komandaları arasındakı Premyer Liqa matçında baş vermiş rasizm qalmaqalı ilə əlaqədar fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, keçmiş hücumçu "Krasnodar"da çıxış edən Ermənistan millisinin yarımmüdafiəçisi Eduard Spertsyanın "Axmat"ın seneqallı müdafiəçisi Usman Ndonqa qarşı rasist ifadələr işlətməsini şərt etməyin çətinliyindən bəhs edib.
O, meydanda baş verənləri hamının gördüyünü və buna əsasən mövqe bildirəcəyini söyləyib: "Spertsyan Ndonqu təxribata çəkdi, üstəlik, yüngül toxunuşdan sonra qazona uzandı. Eduard Qafqazda böyüdüyünü deyir. Elədirsə, danışsın görək, Qafqazda ona harada öyrədiblər ki, yüngül toxunuşdan sonra yerə uzanır və simulyasiya edir? Qaldı ki, o sözləri həqiqətən də deyibsə, bütün Avropa karyerasının üstündən xətt çəkmək, daxili çempionatda isə bütün ciddiyyəti ilə onu cəzalandırmaq lazımdır".
Rusiya Futbol İttifaqının Nəzarət İntizam Komitəsi Spertsyan - Ndonq insidentinə gələn həftə baxacaq.
Qeyd edək ki, hazırda 46 yaşında olan Şamil Lahiyalov Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasında 1982-ci il təvəllüdlü qardaşı Rəşid Lahiyalovun pasportu ilə bir neçə oyunda çıxış edib. Belə bir etirafla Ş.Lahiyalovun özü 2013-cü ildə "Sport-Ekspress"ə müsahibəsində çıxış edib.