
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının VIII tur oyunlarında baş vermiş mübahisəli epizodları şərh edib.
Sportnet.az xəbər verir ki, belçikalı funksioner yalnız çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovu "İmişli" - "Qəbələ" oyunundakı epizodda penalti təyin etmədiyi üçün haqsız çıxarıb.
Onun epizoda şərhi belə olub:
"Uzaq məsafədən ötürmə zamanı "İmişli"nin 14 nömrəli futbolçusu topa oynamağa cəhd edir. O, sürüşərək yıxılır və yerə düşərkən havadakı sağ qolu ilə topa toxunur. Bu zaman qol bədəndən aralı vəziyyətdə olur. Baş hakim epizodda qayda pozuntusu - əl ilə oynama qeydə alır və cərimə zərbəsi təyin edir. Bu vəziyyətdə perspektivli hücumun qarşısını almaq səbəbi ilə sarı vərəqə göstərilməsi gözlənilən qərardır. Çünki "Qəbələ"nin futbolçusu topa nəzarət etmirdi. Bu tip epizodlarda VAR müdaxiləsi gözlənilmir. "Qəbələ"nin futbolçusu topa tam nəzarət etsəydi və real qol şansı olsaydı, bu zaman aşkar qol vurmaq imkanından məhrum edilməsinə görə birbaşa qırmızı vərəqə gözlənilən qərar olardı".
Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksində keçirilmiş oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "İmişli"nin futbolçusu Ronaldo De Souza hesabda 0:2 geridə olduqları vaxt - 59-cu dəqiqədə əllə oynadığı üçün sarı vərəqə alsaydı, bu, oyun ərzində ikinci olacaqdı və meydandan qovulma anlamına gələcəkdi. Bu isə say üstünlüyü əldə edəcək "Qəbələ"nin qələbə şansını xeyli yüksəldəcəkdi. İnqilab Məmmədovun qırmızı vərəqə göstərmədiyi braziliyalı müdafiəçi sonradan "Qəbələ"nin qapısına vurulmuş ilk qolun müəllifi olur.