İngiltərənin "Çelsi" klubunun futbolçusu Rahim Sterlinqin mənzilinə son 3 ildə ikinci dəfə oğru girib.
Sportnet.az-ın məlumatına görə, bu dəfə hadisə vaxtı 31 yaşlı hücumçu ailəsi ilə birlikdə evində olub.
Olay isə noyabrın 8-də "Vulverhempton"la ev oyununun başlamasına az qalmış baş verib.
"Oğrular" təcrübəli forvardın oyuna həyat yoldaşı Peyc Millian və uşaqları ilə "Stemford Bric" stadionunda birlikdə baxacağını güman ediblər. Lakin bu mövsüm oynamayan və klubun satış siyahısında olan Sterlinq matçı evindən izləməyi qərara alıb.
Ailədən "The Times" nəşrinə bildirilib ki, şəxsi həyatın təhlükəsizlik və toxunulmazlığının ən ciddi şəkildə pozulmasına baxmayaraq, heç nəyə zərər dəyməyib.
Problemdən xəbərdar olan "Çelsi" klubu isə ailəyə psixoloji dəstək təklif edib.
Qeyd edək ki, oğrulan Rahim Sterlinqin evinə ilk dəfə 2022-ci ildə giriblər. Həmin vaxt o, İngiltərə millisinin heyətində Qətərdə keçirilmiş dünya çempionatında olub. Hazırda baş məşqçi Entso Mareskanın planlarına daxil olmayan Sterlinqin "Çelsi"ni 2026-cı ilin yanvarında tərk edəcəyi gözlənilir. Hazırda tərəflər daha 2 il müqaviləsi olan futbolçunun problemini tezliklə çözməyə çalışırlar.













































































