Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (CONCACAF) seçmə mərhələlərində mübarizə aparan Kurasao və Haiti milliləri möcüzəvi nəticə göstərərək 2026-cı il dünya çempionatına vəsiqə əldə ediblər.
Sportnet.az-ın məlumatına görə, Niderlandın Karib hövzəsindəki 150 min nəfərlik muxtar bölgəsi Kurasao tarixində ilk dəfə mundialda iştirak edəcək.
Türkiyənin "Fənərbağça" komandasının sabiq baş məşqçisi Dik Advokatın rəhbərlik etdiyi komanda son oyunda Yamayka ilə səfərdə 0:0 hesablı bərabərlik əldə edərək Dünya Kubokuna vəsiqə hədəfini reallaşdırıb.
Oyun sonuna əlavə edilmiş 5 dəqiqəlik vaxtda baş hakimin Yamayka lehinə verdiyi penaltı qərarı VAR vasitəsilə ləğv edilib və kurasaolu futbolçular rahat nəfəs alıblar. Advokat isə ailəvi problemlərə görə oyundan əvvəl Niderland səfərinə gedərək komandasının yanında ola bilməyib.
Kurasao həm də mundiala qatılan ölkələr arasında ən az əhaliyə malikdir.
Haiti isə 52 illik fasilədən sonra dünya çempionatına qayıdır. CONCACAF seçmə mərhələsinin C qrupunda mübarizə aparan Haiti son oyunda Nikaraqua üzərində 2:0 hesablı qələbə qazanaraq vəsiqəni təmin edib.
Ölkədə baş verən daxili münaqişələr səbəbindən Haiti milli komandası bütün ev oyunlarını neytral meydanda keçirib. 2021-ci ildən bəri ölkədə mütəşəkkil zorakılıq davam edir, paytaxt Port-o-Prensin 85%-i hələ də qruplaşmaların nəzarətindədir.
Milli komandanın ev stadionu isə 2024-cü ilin martında qruplaşmalar tərəfindən işğal edildiyi üçün Haiti oyunlarını neytral meydanda oynamağa məcburdur.
Komanda bu il martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş yoldaşlıq görüşündə Azərbaycan millisinə böyük hesabla qalib gəlib - 3:0.
















































































