"Şahdağ Qusar"ın baş məşqçisi Elnur Abdullayev Sumqayıtdakı "SOCAR Polymer Arena"da "Turan Tovuz"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- Maraqlı və gərgin oyun alındı. Bəlkə də çoxları birtərəfli oyunun olacağını düşünürdü. Lakin komandamız həqiqətən də baxımlı oyun göstərdi. Son dəqiqələrdə o epizodumuz qol olsaydı, bəlkə də nələrsə demək, danışmaq olardı. Futbolçularımı təbrik etdim, onlarla fəxr hissi keçirdiyimi dedim. Bu gün Premyer Liqa komandasına qarşı həqiqətən də yaxşı mübarizə apardılar. Rəqibi təbrik edir, həm onlara, həm də komandamıza gələcək oyunlarda uğurlar arzulayıram.
- Rəqib həmkarınız Kurban Berdıyev də motivasiya çatışmazlığı ilə oynadıqlarını etiraf etdi. Sizdə isə əksinə, istək var idi. Ən azından, əsas vaxtı heç-heçə ilə başa vurmağınız üçün nə çatmadı?
- Hazırda baş məşqçi olaraq, çətinlik çəkirəm. Çünki heyətimiz o qədər də geniş deyil, çoxlu zədəlimiz var. Bu gün də ehtiyatda oturanların əksəriyyəti zədəli idi. Futbolda əvəzləmələr çox önəmlidir, çünki 70-ci dəqiqədən sonra yorulurlar. Həmin o sürəti saxlamaq üçün əvəzləmələr edilməlidir. Buna baxmayaraq, futbolçularımız Premyer Liqada yaxşı çıxışı ilə seçilən komandaya qarşı baxımlı oyun sərgilədilər. Bugünkü istəkli çıxışımızı I Liqadakı qarşılaşmalarımızda da görmək istəyirəm. Futbolçularımıza da deyirəm ki, belə oyunu davam etdirsəniz, yaxşı yerlər uğrunda mübarizə apara bilərik.
- I Liqada normal təbii örtüklü stadionların yox dərəcəsində olduğunu nəzərə alsaq, komandanızın "Turan Tovuz"a qarşı belə çıxışında meydança amili nə dərəcədə rol oynadı?
- Düzgün vurğuladınız, bu gün ən böyük problemlərimizdən biri meydançalardır. Doğrudan da "SOCAR Polymer" stadionun gözəl meydançası var idi. Bu amil çox önəmlidir. Top sürətlə hərəkət edirdi. Doğrudan da təbii və süni örtüklü meydançalar fərqlidir. Arzu edirəm ki, gələcəkdə bütün meydançalarımız belə olsun və baxımlı oyun sərgiləyə bilək.
- Yeri gəlmişkən, Qusarda stadion tikintisi ilə bağlı işlər nə yerdədir?
- Bu barədə məlumat verə bilməyəcəyəm. Hələlik məsələ açıq qalıb. Amma deyirlər ki, gələcək illərdə stadion hazır olacaq. Biz də ümid edirik ki, doğma azarkeşlərimiz önündə oynaya biləcəyik. Çünki bu, daha məqsədəuyğun olardı.





































































