"Neftçi"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Zirə"yə əlavə vaxtda 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/8 final matçından sonra mətbuat konfransı keçirib.
Təcrübəli mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- Rəqibi təhlil edərək, güclü və zəif tərəflərini futbolçularımıza göstərmişdik. Bəlkə də məşq etməyə zamanımız olmadı. Çünki Tovuz səfərindən sonra cəmi bir məşq keçə bilmişdik. Daha çox futbolçuların bərpasına daha çox diqqət etmişdik. Oyun pis başlamadı. Düşünürəm ki, həm rəqibin hücumlarının qarşısını ala bilirdik, həm də hücumlarımız zaman-zaman daha təhlükəli olurdu. Futbolçularımız 120 dəqiqəyədək vuruşub-döyüşdülər. 116-cı dəqiqədə buraxdığımız qol üzücü oldu. Azarkeşlərimiz komandaya çox yaxşı dəstək verdilər. Onlardan üzr istəyirəm.
- Cordan Rezabalanın meydana daxil olması üçün "Neftçi" qol buraxmalı idi?
- Oyun elə tərzdə gedirdi ki, futbolçu dəyişikliyi etmək çətin idi. Çünki hesab açılmamışdı və mərkəzdəki hər iki oyunçumuz yaxşı təsir bağışlayırdı. Ona görə də mərkəz oyunçularını çıxarmaq fikrimiz yox idi. Artıq matçın sonları idi, qol buraxandan sonra müdafiəçini hücumçu ilə əvəz etdik. O vaxtadək riskə getmədik.
- İki oyunda "Neftçi"də nəyi dəyişə bildiniz?
- Düşünmürəm ki, qısa müddətdə nəyisə qlobal dəyişmək olardı. Sadəcə, çalışdıq ki, komandaya dəstəyimizi göstərək, daha pozitiv məşqlər quraq, futbolçular buna öyrəşərək, qarşıdakı oyunlara hazırlaşsınlar.
- Bassala Sambunun cinahda o qədər də effektli olmadığı bir daha göründü. Niyə onu yenidən eyni mövqedə oynatmağa qərar verdiniz?
- "Zirə"ni təhlil etmişdik. Bilirdik ki, onlar cinahlardan daha təhlükəli gəlirlər. Sambu işgüzar futbolçudur. Taktiki cəhətdən oyunu bir yerlərə qədər gətirdikdən sonra əvəzetmələrə getmək istəyirdik. O, sarı vərəqə aldıqdan sonra riskə getmədik. Qorxduq ki, 10 nəfərlə qala bilərik.
- "Neftçi" 4 oyundur qələbə qazana bilmir, komanda Premyer Liqada 7-ci yerdədir və Azərbaycan Kubokunda 1/8 finalda mübarizəni dayandırdı. Halbuki mövsümün əvvəllərində ümidlər, gözləntilər tam başqa idi. Sizcə, uğursuzluğun səbəbi nədir?
- Düzdür, mən "Neftçi"nin işçisi, üzvüyəm, amma komanda yığılanda orada deyildim. Əlbəttə, klubumuz yaxşı futbolçulardan ibarətdir. Sadəcə, futbolçuları stadiondan izlədiyim üçün tanıyıb-bildiklərimi meydançaya buraxmağa çalışıram.
- Freddi Varqasa deyilirmi ki, "Neftçi" təkcə səndən ibarət deyil?
- Biz daha çox iclaslar keçirir, oyunların təhlilili aparırıq, qarşılaşmalara hazırlaşırıq. Əlbəttə, hamıya deyirik ki, komanda şəklində müdafiə olunmalı və hücuma çıxmalıyıq. Bu taktiki gedişatları məşqlərdə etməyə zamanımız olmasa da, iclaslarda bildiririk. Top itkisindən sonra qol buraxmağımız üzücü məqamdır. Artıq çempionata köklənməkdən başqa yolumuz yoxdur. Bəzən insanın əlindən bir varlıq çıxanda digərinə daha çox bağlana bilir. Ümidvaram ki, komandamız çempionat oyunlarına daha ciddi yanaşacaq. Artıq "məğlubiyyətə son" demək, irəliyə baxaraq, xallar qazanmaq, çempionatda uğur əldə etmək lazımdır.
- İmadi Faraj vinger kimi öz üzərinə düşəni nə dərəcədə yerinə yetirə bilir?
- Faraj potensialına inanılaraq alınan futbolçulardandır, driblinqi sevir. Əlbəttə, bunu komanda şəklində də etməyə çalışır. Potensialı böyükdür. Düşünürəm ki, məndən əvvəl də məşqlərdə özünü digərlərinə nəzərən daha yaxşı göstərdiyinə və rəqabətdə qalib gəldiyinə görə daim əsas heyətdə meydançaya çıxır.
- Sanki komandada özünəəminlik itib, psixoloji cəhətdən eniş yaşanır. İlin sonunadək qalan 3 oyununuzda bunu aradan qaldırmaq və 2026-cı ildə nəyəsə ümid etmək üçün nə düşünürsünüz?
- Əslində "komandada qeyri-sabitlik var" desək, daha yaxşı olar. Çünki Tovuz səfərində pis təsir bağışlamadıq. Çətin səfər idi. Əlbəttə, 3 xal istəyirdik, amma 1 xalla döndük. Bu gün də oyuna pis başlamadıq, qol da vurduq. Əlbəttə, rəqib də vurdu. Amma qollarımız sayılmadı. Fikrimcə, komanda şəklində pis təsir bağışlamırdıq. Lakin psixoloji cəhətdən elə də pis durumda deyilik. Hərçənd, məğlub olduqca üzərinə gəlir. Amma düşünürəm ki, bir qələbə, bir pozitiv nəticə komandaya kömək edə bilər.





































































