Bizon Azərbaycan Kubokunda bütün 1/4 final cütlərinin tərkibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, son olaraq, "Kəpəz" komandası 1/8 final mərhələsini adlayıb.
Gəncə təmsilçisi "Liv Bona Dea Arena"da keçirilmiş görüşdə "Araz-Naxçıvan"ı əlavə vaxtda üstələməyi bacarıb - 1:0. Yeganə qolu 115-ci dəqiqədə Ryonosuke Ohori vurub.
"Kəpəz" növbəti mərhələdə "Turan Tovuz"la qarşılaşacaq. İlk oyun 2026-cı il 3-4 fevralda Tovuz şəhər stadionunda, cavab görüşü 3-4 martda Yevlax şəhər stadionunda keçiriləcək. Daha əvvəl 1/4 finalda "Sumqayıt" və "Zirə"nin, "Şamaxı" və "Qarabağ"ın, "Sabah" və "Qəbələ"nin üz-üzə gələcəyi dəqiqləşib.
----------------------
Bizon Azərbaycan Kubokunda daha bir 1/4 final cütünün tərkibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, daha öncə bu hüquqa yiyələnmiş "Zirə"yə "Sumqayıt" komandası rəqib olub.
"Gənclik şəhəri" təmsilçisi 1/8 finalda I Liqa klubu "Difai"ni yenib - 3:1.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş görüşdə qalib komandanın ilk iki qolunu Ronaldo Vaskes vurub. Dominikan Respublikasından olan yarımmüdafiəçi 9-cu dəqiqədə hesabı açıb. 75-ci dəqiqədə isə o, penaltini dəqiq yerinə yetirib. Daha bir qolun müəllifi 90+3-cü dəqiqədə Aleksandr Ramalinqom olub.
"Difai"dən isə 68-ci dəqiqədə Kamil Qardaşlı fərqlənib. Eyni zamanda kapitan Roman Hüseynov 84-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq, meydançadan kənarlaşdırılıb.
Qeyd edək ki, "Sumqayıt" və "Zirə" arasında ilk oyun 2026-cı il 3-4 fevralda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, cavab görüşü 3-4 martda Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Daha əvvəl 1/4 finalda "Şamaxı" və "Qarabağ"ın, eləcə də "Sabah" və "Qəbələ"nin üz-üzə gələcəyi dəqiqləşib.
---------------------------
Bizon Azərbaycan Kubokunun son sahibi "Sabah"ın bu mövsüm 1/4 final mərhələsindəki rəqibi müəyyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, "Qəbələ" komandasıdır.
Kaxaber Tsxadadzenin baş məşqçi olduğu kollektiv 1/8 finalda I Liqa təmsilçisi "Şəfa"ya qalib gəlib - 2:1.
Əyalət təmsilçisinin hər iki qolunu 2-ci və 53-cü dəqiqələrdə İbrahim Sanqare vurub. Paytaxt klubundan isə 6-cı dəqiqədə Emin Zamanov fərqlənib.
Qeyd edək ki, "Sabah" və "Qəbələ" arasında ilk oyun 2026-cı il 3-4 fevralda "Bank Respublika Arena"da, cavab görüşü 3-4 martda Qəbələ şəhər stadionunda keçiriləcək. Daha əvvəl 1/4 finalda "Şamaxı" və "Qarabağ"ın üz-üzə gələcəyi dəqiqləşib.















































































