FIFA-nın "The Best" adlı mükafatlandırma mərasimi üçün sorğuda Azərbaycan milli komandasının baş məşqçisi, kapitanı və jurnalist Rasim Mövsümovun verdiyi səslərin ünvanları açıqlanıb.
Sportnet.az xəbər verir ki, Mövsümov ən yaxşı kişi futbolçu seçilən Usman Dembeleyə səs verib. Onun seçimində Lamin Yamal ikinci, Əşrəf Hakimi üçüncü olub.
Kapitan Emin Mahmudov ilk "3-lüy"ə düşənləri düzgün müəyyənləşdirsə də, ardıcıllıq yanlış olub. O, Kilian Mbappeni birinci, Usman Dembeleni ikinci, Lamin Yamalı üçüncü göstərib.
Baş məşqçi Ayxan Abbasov isə müsəlman futbolçulardan Əşrəf Hakimini birinci, Məhəmməd Salahı üçüncü göstərib, ikinci yeri isə Parisdə Azərbaycan millisinin qapısına ilk qolu vurmuş Fransa yığmasının kapitanı Kilian Mbappeyə verib.
Səsvermənin yekununda Usman Dembele (Fransa) 50, Lamin Yamal (İspaniya) 39, Kilian Mbappe (Fransa) 35 səs toplayıb. Ayxan Abbbasovun səs verdiyi müsəlman futbolçulara gəldikdə, Əşrəf Hakimi (PSJ, Mərakeş) 31, Məhəmməd Salah ("Liverpul", Misir) 24 səslə 6-cı yeri tutub.
Ən yaxşı məşqçi nominasiyasında Emin Mahmudov Luis Enrike (PSJ, İspaniya), Entso Mareska ("Çelsi", İtaliya) və Arne Slota ("Liverpul", Niderland), Ayxan Abbasov Luis Enrike, Arne Slot və Mikel Artetaya ("Arsenal", İspaniya), Rasim Mövsümov isə Luis Enrike Entso Mareska və Mikel Artetaya səs verib. Yekunda Luis Enrike 28 səslə birinci, Hansi Flik ("Barselona", Almaniya) 20 səslə ikinci, Arne Slot 10 səslə üçüncü olub.
Ən yaxşı qapıçı nominasiyasında Emin Mahmudov Canluici Donnarumma ("Mançester Siti, İtaliya), Tibo Kurtua ("Real Madrid", Belçika) və Alisson Bekkerə ("Liverpul", Braziliya), Ayxan Abbasov Canluici Donnarumma, Manuel Nöyer ("Bavariya, Almaniya) və Yann Zommerə ("İnter", İsveçrə), Rasim Mövsümov Canluici Donnarumma, David Raya ("Arsenal", İspaniya) və Emiliano Martinesə ("Aston Villa", Argentina) səs verib. Yekunda Dommarumma 28 səslə birinci, Kurtua 20 səslə ikinci, Bekker 9 səslə üçüncü yerdə qərarlaşıb.








































































