Uruqvay millisinin sabiq hücumçusu Edinson Kavani peşəkar futbolçu karyerasını rəsmən başa vurub.
Sportnet.az xəbər verir ki, 37 yaşlı forvard bu qərarını sosial şəbəkə hesabında yaydığı bəyanatla ictimaiyyətə çatdırıb.
Kavani karyerası ərzində Avropanın bir sıra nüfuzlu klublarında çıxış edib. O, İtaliyanın “Palermo” və “Napoli”, Fransanın PSJ, İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Valensiya” komandalarının formalarını geyinib. Xüsusilə PSJ-də keçirdiyi illərlə yadda qalan hücumçu klubla birlikdə bir neçə dəfə Fransa çempionu olub.
Uruqvay millisinin də uzun illər əsas fiqurlarından biri olan Kavani bu komandanın heyətində 136 oyun keçirib və 58 qol vurub. O, yığma ilə Amerika Kubokunun qalibi olub, həmçinin bir neçə dünya çempionatında iştirak edib.
Kavani peşəkar karyerası boyunca ümumilikdə 745 matçda meydana çıxıb və 404 qola imza atıb.









































































