Qabon hökuməti futbol üzrə milli komandanın fəaliyyətini müvəqqəti dayandırıb.
Sportnet.az-ın məlumatına görə, buna yığmanın Afrika Millətlər Kubokundakı uğursuz nəticələri səbəb olub.
Hazırda Mərakeşdə keçirilən turnirin qrup mərhələsində Qabon yığması Kameruna 0:1, Mozambikə 2:3 və Kot-dİvuara 2:3 hesabı ilə məğlub olub. Nəticədə komanda F qrupunda dördüncü yeri tutaraq turnirlə erkən vidalaşıb.
Qabonun idman naziri Simplis-Dezire Mambula bildirib ki, biabırçı çıxışı nəzərə alınaraq milli komandanın fəaliyyəti növbəti qəraradək dayandırılır və məşqçilər korpusu tam heyətdə istefaya göndərilir.
Bundan əlavə, müdafiəçi Bruno Manqa və Fransa "Marsel"inin hücumçusu Pyer-Emerik Obameyanq milli komandadan kənarlaşdırılıb. Baş məşqçi Tyerri Muyuma da vəzifəsindən azad edilib.
Qeyd edək ki, Afrika Millətlər Kuboku yanvarın 18-də başa çatacaq.












































































