Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos ürək əməliyyatından sonra xəstəxanadan evə buraxılıb.
Sportnet.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 52 yaşlı keçmiş müdafiəçi sosial şəbəkədə əməliyyatı həyata keçirən həkimlərlə fotosunu paylaşaraq onlara təşəkkürünü bildirib.
“Bütün tibbi personalın diqqət və qayğısına görə təşəkkür edirəm”, - deyə o yazıb.
31 dekabrda aparılan müayinə zamanı braziliyalının ayağında tromb aşkarlanıb. Bütün bədən üzrə MRT göstərib ki, ürəyin fəaliyyəti düzgün deyil. Roberto Karlos əməliyyat üçün xəstəxanaya yerləşdirilib və mürəkkəbliyinə görə əməliyyat planlanmış 40 dəqiqə yerinə 3 saat çəkib.
Xatırladaq ki, Roberto Karlos 1996 – 2007-ci illərdə İspaniya “Real Madrid”ində çıxış edib, burada 4 dəfə İspaniya çempionu və 3 dəfə Çempionlar Liqasının qalibi olub. Braziliya millisində isə o, 2002-ci ildə dünya çempionu olub.
















































































