Afrika Millətlər Kubokunun 1/4 final mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçı Seneqal və Mali yığmaları arasında keçirilib.
Görüş Seneqalın qələbəsi ilə yekunlaşıb. Yeganə qolun müəllifi 27-ci dəqiqədə İliman Ndiaye olub. 45+3-cü dəqiqədə isə Malik millisindən İv Bissuma qırmızı vərəqə alaraq, meydandan qovulub.
Daha bir görüşdə Kamerun və Mərakeş milliləri üz-üzə gəlib.
Qarşılaşma Mərakeş yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesab 26-cı dəqiqədə açılıb. İspaniya "Real Madrid"inin və Mərakeş millisinin yarımmüdafiəçisi Brahim Dias fərqlənib. İkinci hissədə, 74-cü dəqiqədə isə İsmayıl Saybari daha bir qol vuraraq meydan sahiblərinin üstünlüyünü möhkəmləndirib.
Bu qələbələr sayəsində Seneqal və Mərakeş yığmaları yarımfinala yüksəlib. Onların növbəti rəqibləri müvafiq olaraq, Misir - Kot d`İvuar və Əlcəzair — Nigeriya cütlərinin qalibləri olacaq.
Qeyd edək ki, 2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir. Turnirdə altı qrupa bölünmüş 24 milli komanda iştirak edib. Yarış 18 yanvaradək davam edəcək. Turnirin son qalibi isə 2023-cü ildə finalda Nigeriyanı 2:1 hesabı ilə məğlub edən Kot-d’İvuar yığmasıdır.















































































