“Toplanışın son günü idi. Hazırlıq dönəmində bütün futbolçularımızın oyunlarda 90 dəqiqə iştirak etməsini istədik. Müəyyən səbəblərdən bəziləri bir qədər az oynadılar".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışının son günündə Xorvatiyanın “Osiyek” və Polşanın “Zaqlembe” komandaları üzərində qazandıqları 3:1 hesablı qələbələri klubun mətbuat xidmətinə şərh edərkən deyib.
54 yaşlı mütəxəssis hər iki görüşün yüksək səviyyədə alındığını bildirib: "Ən əsası, intizamlı çıxış etməyə çalışdıq. Futbolçular yorğun olsalar da, bunu bacardılar. İstirahətdən sonra birdən-birə 90 dəqiqə oynamaq heç də asan deyildi. Ümumi hazırlığımızdan və futbolçularımızın işə yanaşmalarından razı qaldım”.
Xatırladaq ki, "Qarabağ" Antalyadakı ilk yoxlama matçında Özbəkistanın "Neftçi Fərqanə" komandasını darmadağın edib - 5:0.











































































