İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün əsas mərhələsinin VII turunda “Monako”ya qarşı oyunda (6:1) dubla imza atıb.
Sportnet.az-ın məlumatına görə, bununla da fransalı hücumçu portuqaliyalı forvard Kriştianu Ronalduya məxsus nailiyyəti təkrarlayıb.
Bu gecə baş tutmuş qarşılaşmada Mbappe 5-ci və 26-cı dəqiqələrdə fərqlənib. Bununla da o, Çempionlar Liqasının qrup və ya ümumi mərhələsində bir mövsümdə vurulan qolların sayına görə portuqaliyalı ulduz Kriştianu Ronaldunun göstəricisini təkrarlayıb.
“Opta Sport”un məlumatına görə, Kilian Mbappe cari mövsüm Çempionlar Liqasında artıq 11 qol vurub. Bu göstərici turnirin qrup və ya ümumi mərhələsində iştirak edən bütün futbolçular arasında ən yaxşı nəticədir. Eyni sayda qolu Kriştianu Ronaldu 2015/2016 mövsümündə vurub.
Qeyd edək ki, Mbappe cari mövsümdə klub səviyyəsində bütün turnirlərdə 26 oyunda 30 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.













































































