Bu gün 60 yaşı tamamlanan "Neftçi"nin əfsanəvi baş məşqçisi Yuri Vernidub ukrfootball.ua nəşrinə geniş müsahibə verib.
Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis "Neftçi", Azərbaycan futbolu və şəxsi xarakterinə dair sualları da cavablandırıb:
"Neftçi"
– "Neftçi"nin təklifini qəbul etməyə qərar verərkən əsas səbəb nə oldu?
– "Neftçi" Azərbaycan üçün tarixi klubdur, gələn il 90 illiyini qeyd edəcək. Mən başa düşürəm ki, burada böyük təzyiq və çətin vəzifələr olacaq. Təcrübə etmək qərarına gəldim.
– Bu mövsüm "Neftçi" üçün maksimum hədəf nədir?
– Hər şeyi etmək lazımdır ki, avrokuboklarda çıxış hüququ qazandıracaq yeri tutaq. Bunu həm mən, həm də rəhbərlik istəyir. Çətinlik nə qədər böyükdürsə, mən və məşqçi heyətim üçün bir o qədər yaxşıdır.
– Bütün karyeranız boyunca legionerlərlə bacarıqlı işləməyinizlə tanınırsınız. Uğurunuzun sirri nədir?
– Məncə, onlarla çox ünsiyyət qurmaq lazımdır, yəni birbaşa, üz-üzə. Həmişə bunu etmişəm və indi də "Neftçi"də edirəm. Oyunçunun başına və ruhuna daxil olub, onun necə insan olduğunu görməyə çalışmaq lazımdır. Futbolçu həqiqətən səmimi və açıqdırsa, həmişə buna sevinirəm, işləməyə hazıram. Ona bəzi güzəştlər edə, kömək göstərə, demək olar ki, ata kimi yanaşa bilərəm. Bu, məndə həmişə yaxşı alınırdı. Ünsiyyət lazımdır. Onlar fərqli insanlardır, fərqli dinlərə sitayiş edirlər, başqa ölkəyə gəlirlər, bu isə asan deyil. Ona görə də hər zaman yardım və məsləhətlər lazımdır.
Azərbaycan futbolu
– "Krivbass"dakı vəziyyəti və Patrik van Leuvenin işini necə qiymətləndirirsiniz?
– Mən razı deyildim ki, çoxlu sayda ukraynalı gedir və əsas üstünlük əcnəbilərə verilir. Ukraynada da Azərbaycandakı kimi legioner limiti olmasaydı, bunu qəbul edərdim. Belə şəraitdə dörd mövqe üçün ən azı on keyfiyyətli yerli oyunçu olmalıdır ki, hər mövqedə iki-üç bərabər imkanlı ifaçılar olsun. Mən buna görə narahat idim.
– 60 yaşınızadək həyata keçirmədiyiniz əsas futbol arzunuz nədir?
– Yenidən Çempionlar Liqasının əsas mərhələsinə çıxmaq, amma bu dəfə pley-off mərhələsinə vəsiqə qazanmaq. Həmişə arzulamışam ki, Ukraynada bir komanda qəbul edib, onunla Premyer Liqada qalib gələm. Bəlkə də bu, artıq heç vaxt reallaşmayacaq. Amma yenə də arzu olmalıdır.
– Xəyal etsək, Ukrayna Premyer Liqasından hansı üç oyunçunu "Neftçi"yə gətirərdiniz?
– Mövsümün birinci hissəsində "Şaxtyor"un aldığı hücumçu Prosper Obanı çox bəyəndim. Mənə elə gəlir ki, o, həqiqətən də top səviyyədədir. Vladimir Brajkonu da dəvət edərdim. Həmçinin ona da simpatiya bəsləyirəm. Baxmayaraq ki, onun zəiflədiyi deyilir və bunu özüm də azacıq görürəm, amma onu dəstəkləmək və demək istəyirəm ki, hər şey hələ başlanğıcdadır. O, hələ öz səviyyəsinə çatacaq. Üçüncü ad Budkovski olacaq. Ola bilsin ki, onu gətirməzdim, çünki yaşı var. Amma çox istəyirəm ki, bu mövsüm Ukrayna Premyer Liqasının ən yaxşı bombardiri olsun.
Şəxsi xarakteri
– Məşqçilik karyeranızın başlanğıc dövrü ilə indiki dövrünüzü müqayisə etsək, əsas fərq nədir?
– Məncə, ən əsası təcrübədir. Həmişə öyrənmək istəyirdim, çoxlu xarici klublara təcrübə üçün getmişəm. İndi artıq daha sakitəm. Bu, bəlkə də ən önəmlisidir.
– Karyeranızda futbolu buraxmaq və getmək istədiyiniz an olub?
– Xeyr, heç vaxt belə olmayıb. Necə buraxmaq olar ki, bu, bütün həyatınızın işi olsun?
– Özünüzdə ulduz xəstəliyi hiss etmisiniz?
– Xeyr, heç vaxt olmayıb. Həm oyunçu, həm də məşqçi olarkən belə bir şey xatırlamıram.
– Nə üçün peşman olmusunuz?
– Ola bilsin, kimsəni incidim və ya oyunda nəyisə düzgün etmədim. Bu insanlardan üzr istəyirəm. Bütün bunlar arxada qalsın. Bu ən önəmlisidir.












































































