UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda "Qarabağ"la qarşılaşma öncəsi "Liverpul" İngiltərə Premyer Liqasında XXIII tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, Arne Slotun baş məşqçi olduğu kollektiv "Bornmut"un qonağı olub.
"Vitaliti" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 26-cı dəqiqədə "Bornmut"un futbolçusu Evanilson açıb. 33-cü dəqiqədə Alexandro Ximenes fərqi artırıb. 45-ci dəqiqədə Vircil van Deyk fərqi azaldıb, 80-ci dəqiqədə isə Dominik Soboslai tarazlığı bərpa edib. Qarşılaşmanın taleyini isə 90+5-ci dəqiqədə Amin Adlinin vurduğu qol həll edib.
Beləliklə, "Liverpul"un 13 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub. Komanda son olaraq, 2025-ci il oktyabrın 25-də IX turun "Brentford"la səfər matçında eyni hesabla uduzmuşdu - 2:3.
Bu nəticədən sonra "Bornmut" 30 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. "Liverpul" isə 36 xalla 4-cüdür.
Qeyd edək ki, "Liverpul" "Qarabağ"la yanvarın 28-də "Enfild" stadionunda üz-üzə gələcək. Yanvarın 28-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.















































































