"Liverpul"un baş məşqçisi Arne Slot "Bornmut"a qarşı İngiltərə Premyer Liqasının XXIII tur matçında zədələnmiş futbolçu Co Qomesin durumunu şərh edib.
Sportnet.az-ın məlumatına görə, 35-ci dəqiqədə 29 yaşlı müdafiəçi qapıçı Alisson Bekkerlə diz-dizə toqquşub.
"Dizlər toqquşdu, deyəsən sümük-sümüyə dəydi. O, sadəcə oyunu davam etdirə bilmədi. Alissonun da dizində xeyli şişkinlik var idi", - deyə niderlandlı mütəxəssis bildirib.
Slot Qomesin "Qarabağ"la UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII tur qarşılaşmasında oynamasının sual altında olduğunu söyləyib: "Conun iki-üç günə məşqlərə qayıdıb-qayıtmayacağını demək çətindir. Amma bu gün oyunu davam etdirə bilməyəcəyi aydın idi".
Qeyd edək ki, yanvarın 28-də "Enfild" stadionunda keçiriləcək "Liverpul" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
















































































