"Qəbələ"nin yeni transferi İsmaheel Akinade futbolçu karyerasının ilk illərində İrlandiyanın "Brey Uonderers", "Bohemians" və "Vaterford" klublarında forma geyinib. 32 yaşlı hücumçu Azərbaycan komandasına Özbəkistan çempionatında çıxış edən "Andijon"dan gəlib.
Akinade "qırmızı-qaralar"ın heyətində səfərdə "Şamaxı"ya 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçında debüt edib. Start heyətində yer alan təcrübəli forvard sonadək meydançada olub və 81-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.
Qarşılaşmanın ardından Akinade Sportnet.az-ın Şamaxıya ezam olunmuş əməkdaşına müsahibə verib:
- Oyunu necə dəyərləndirirsiniz?
- Məşqlərdə öyrəndiyimiz hər şeyi bu oyunda tətbiq etdik. Yaxşı performans göstərərək, layiqli qələbə qazandıq.
- İlk oyununuzda ilk qolunuzu vurdunuz. Növbəti hədəfiniz nədən ibarətdir?
- Hər oyunda qol vurmaq istəyirəm. Əlimə şanslar düşsə, bunları dəyərləndirməyə çalışacağam. Yaxşı komandamız var, yaxşı epizodlar yaradır, yaxşı işləyirik. Bu cür davam etsək, mən də növbəti qollarımı sıralaya biləcəyəm.
- Qəbələdə təbii örtükdə məşq edirsiniz. Şamaxıda isə süni örtükdə oynadınız. Fərqi hiss etdiniz?
- Əvvəllər İrlandiyada süni örtükdə oynamışam. Buna öyrəncəliyəm. Düzdür, süni örtükdə çıxış etməyi xoşlamıram, Amma şərtlər belədirsə, oynamalıyıq. Hər iki komanda eyni şərtlər altında çıxış etdi. Ona görə də mənim üçün hər şey qaydasındadır.
- Özbəkistan çempionatında da çıxış etmisiniz. Orada da süni meydançalar var idi?
- Xeyr, yoxdur.
- Azərbaycan və Özbəkistan çempionatlarını müqayisə edə bilərsiniz?
- Bunu demək üçün hələ erkəndir. Hələ burada bir neçə oyun keçirməliyəm. Ondan sonra aradakı fərqlərin nədən ibarət olduğuna dair fikirlərim formalaşacaq.
- Yəqin ki, Azərbaycanda "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı çıxışlarından xəbərdarsınız. Özbəkistanda da belə səviyyədə komandalar varmı?
- Özbəkistanda da "Neftçi Fərqanə", "Nasaf" kimi top-klublar var. Amma onların "Qarabağ" və "Sabah" kimi qitəmiqyaslı yarışlarda nəticə göstərmək şansları yoxdur. Ona görə də hər iki ölkənin klublarını müqayisə etmək düzgün olmaz.
Elşən MƏMMƏDOV




















































































