Slovakiyalı FIFA referisi İvan Krujlyak bu mövsüm ikinci dəfə "Qarabağ"ın oyununu idarə edəcək.
Sportnet.az-ın məlumatına görə, 42 yaşlı ədalət təmsilçisi daha əvvəl Çempionlar Liqasının III təsnifat mərhələsində Ağdam klubunun Şimali Makedoniyada "Şkendiya"ya qarşı ilk matçında iş başında olub.
2025-ci il avqustun 5-də keçirilmiş həmin görüş Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 18-ci dəqiqədə penaltidən Toral Bayramov vurub.
Bu, Krujlyakın "Qarabağ"ın oyununa təyinat aldığı yeganə oyun olub.
Əvəzində o, 2015/2016 mövsümündə - 27 avqust 2015-ci ildə "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsində "Panatinaikos"la Yunanıstanda 2:2 hesablı heç-heçə etdiyi matçı idarə edib. İlk görüşdə "qırmızı-qaralar" 0:0 hesablı heç-heçə etdiyindən, həmin vaxt qüvvədə olan səfər qolları qaydasına əsasən, tarixində ilk dəfə qrup mərhələsinə yüksəlib.
Bundan başqa Krujlyak 2021-ci il martın 27-də Qətər və Azərbaycan milliləri arasındakı yoldaşlıq görüşünün baş hakimi olub. Dohadakı "Xəlifə" stadionunda keçirilmiş oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
2011-ci ildən FIFA referisi statusu alan Krujlyakın ilk beynəlxalq təyinatı Azərbaycanın U-21 yığmasının 6 sentyabr 2011-ci ildə Belçikaya 1:4 hesabı ilə uduzduğu Avropa çempionatının seçmə oyununa təsadüf edib. Onun Çempionlar Liqasının əsas mərhələsindəki ilk matçı isə 2017-ci il noyabrın 1-də "Liverpul" və Sloveniya "Maribor"u arasında keçirilib. Həmin oyunda İngiltərə komandası böyük hesabla qalib gəlib - 3:0. Elə "Qarabağ" da Çempionlar Liqasında məhz 2017/2018 mövsümündə debüt edib.
Krujlyak 2025-ci il UEFA Millətlər Liqasında Fransanın Almaniyaya 2:0 hesabı ilə qalib gəldiyi 3-cü yer uğrunda görüşdə də fit çalıb.
Qeyd edək ki, yanvarın 28-də "Enfild" stadionunda keçiriləcək "Liverpul" - "Qarabağ" matçı saat 00:00-da başlanacaq.





















































































