İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Arne Slot bu gün "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII tur matçının əsas heyətində ən azı bir dəyişiklik etməli olacaq.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Cо Qomes ötən həftəsonu Premyer Liqada “Bornmut”la oyunda aldığı zədə səbəbindən sıradan çıxıb və matçı yarımçıq tərk edib.
Slot Qomesin bugünkü matçda çıxış edə bilməyəcəyini təsdiqləyib.
Şəxsi səbəblərə görə İbrahima Konate, dizindən zədə aldığı üçün isə Covanni Leoninin yoxluğunda Slot mərkəz müdafiəçi mövqeyində dəyişiklik etməyin qaçılmazlığını etiraf edib.
“Bornmut”la görüşdə Vataru Endo Vircil van Deykin yanında mərkəz müdafiəçisi mövqeyində çıxış edib və eyni mövqedə yenidən istifadə oluna bilər. Yaponiya millisinin kapitanı 6 dekabr 2025-ci ildən sonra ilk dəfə “Liverpul”un heyətində meydana çıxaraq 34-cü dəqiqədə Qomesi əvəzləyib.
Slotun sözlərinə görə, heyət seçimi yalnız bununla məhdudlaşmır, taktika da rol oynayır: "Sabah mərkəz müdafiəsində təbii mərkəz müdafiəçisi olmayacaq, çünki bu mövqedə başqa oyunçumuz yoxdur və yarımmüdafiəçidən istifadə etməli olacağıq”.
Federiko Kyeza “Liverpul”un son iki oyununu buraxsa da, bu matç ərəfəsində məşqlərdə iştirak edib.
Bu arada, Uqo Ekitike “Bornmut”la oyunda ehtiyat oyunçular skamyasında başladıqdan sonra start heyətinə qayıda bilər.
Slot bunu belə izah edib: “Ekitike zədə səbəbindən iki həftə oynamadı, sonra isə ardıcıl çox oyun keçirməli oldu. Növbəti aylarda yalnız bir "9 nömrə" hücumçumuz olduğu üçün yükü onun üzərindən bir qədər azaltmaq məntiqli göründü”.
Konor Bredli və Aleksandr İsak uzunmüddətli zədə səbəbindən sıradan çıxıblar.
Körtis Cons ötən tur Fransa "Marsel"i ilə səfər oyunda (3:0) sarı vərəqə alsaydı, “Liverpul”un növbəti Çempionlar Liqası matçını buraxmalı olacaqdı.
Slotun komandası artıq ən azı pley-off mərhələsini təmin edib və "Qarabağ" üzərində qələbə təqdirində, 1/8 finala birbaşa vəsiqəni də rəsmiləşdirə bilər.
Qeyd edək ki, bu gün "Enfild" stadionunda keçiriləcək görüş saat 00:00-da başlanacaq.
















































































