"Sonuncu qalibiyyətin ardından pley-offa vəsiqə böyük ölçüdə təmin edilib. Əvvəlcədən bu məsələyə dair əminliklə fikir bildirmək istəməzdim, çünki futbol sürprizlərlə dolu olur. Lakin komandamızın hazırkı oyunu da bizə inam verir ki, artıq "Qarabağ" hər bir rəqiblə layiqli mübarizə apararaq, xallar götürə bilir".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycanın veteran futbolçusu Arif Əsədov "Qarabağ"ın bu gün İngiltərədə "Liverpul"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII tur matçı barədə danışarkən deyib.
56 yaşlı mütəxəssis "Qarabağ"ın bu gecə ən azı 1 xal əldə edəcəyinə inandığını bildirib. Amma o, "Liverpul"un çətin rəqib olduğunu da diqqətə çatdırıb: "Onlar da 1/8 finala birbaşa vəsiqə verən 8 ən güclü komanda sırasına düşməyə can atdıqlarından, "Qarabağ"ı çətin oyunun gözlədiyini düşünürəm. Ötən tur "alman sindromu" qırıldı, indi də növbəti qələbə ilə "ingilis sindromu"nun qırılmasını istərdik. "Qarabağ" böyük azarkeş təzyiqi ilə üzləşəcək. İlk dəqiqələrdən o təzyiqin altından çıxmaq lazımdır. Bu halda, inanıram ki, komandamız get-gedə öz oyununu, ab-havanı tutduqca, rəqibi hiss etdikcə, adaptasiya olunduqca rahat oynayacaq və layiqli mübarizə göstərərək, nəticə əldə edəcək".
Əsədovun fikrincə, rəqib ilk dəqiqələrdən azarkeş dəstəyi ilə oynadığından, istəyəcək ki, "Qarabağ"ı təzyiq altında saxlasın və Azərbaycan komandasını özlərinin cərimə meydançasından çıxmağa qoymasın: "Qarabağ"ın sürətli və keyfiyyətli futbolçuları olduğundan, müdafiədən çıxdıqdan sonra rəqibi əks-hücumlarda yaxalaya bilir. Digər tərəfdən, "Qarabağ" çalışır ki, pressinq edərək, rəqibi onların cərimə meydançasından çıxmağa qoymasın. Bəzən bu tipli rəqiblər topu birbaşa irəli vurmağı özlərinə sığışdırmırlar, hücuma keyfiyyətlə çıxmaq istəyirlər. Bu zaman onlar "Qarabağ"ın basqısına yaxalana bilirlər. Biz bunu İspaniyada "Atletik"lə, Azərbaycanda isə İngiltərə təmsilçisi "Çelsi" ilə görüşlərdə gördük. Yəni, "Qarabağ" təzyiq edəndə, rəqib müdafiəçilərdə çaşqınlıq olur və topu ələ keçirərək, onları cəzalandıra bilirlər. Gözə çarpan odur ki, komandamız oyun başlayanda geri çəkilmir, əksinə, çalışır ki, komanda şəklində basqı edərək, topu ələ keçirsin. Bu zaman rəqibin müdafiəsi yayğın halda olur və "Qarabağ" boşluqlardan dərhal yararlanaraq, rəqibi cəzalandıra bilir".
Ekspertin sözlərinə görə, "Liverpul"un baş məşqçisi Arne Slot "Qarabağ" qədər rotasiya imkanının olmadığını dedikdə, İngiltərə Premyer Liqasındakı vəziyyətlərinin qaydasında olmadığına işarə vurub: "Rəqib həm də İngiltərə çempionluğu uğrunda mübarizə aparan komandalardan biri olduğundan, o "cəbhə"yə də daha çox fokuslanır. Hətta bəzən eşidirik ki, İngiltərədə ölkə çempionluğu Çempionlar Liqasının qalibi olmaqdan üstün tutulur. Bu səbəbdən, onlar Premyer Liqa ilə müqayisədə, Çempionlar Liqasına adi qaydada yanaşır, əllərində olan futbolçuları hər iki "cəbhə"də istifadə etməyə çalışırlar. Amma Çempionlar Liqasında format dəyişdiyindən, bu tipli rotasiyalardan bəzən yararlana bilirlər. Hazırkı durumda hər iki cəbhədə uğurlu çıxışa ehtiyac duyulduğundan, "Liverpul" "Qarabağ"dan fərqli vəziyyətdə ola bilər. Biz şahidi olmuşuq ki, "Qarabağ" çempionatda müəyyən oyunları avrokubok matçlarına qurban verib, sonradan isə kompensasiya edib. Lakin "Liverpul"da belə bir imkan yoxdur. Slot rotasiya imkanının "Qarabağ" qədər olmadığını dedikdə, bunu nəzərdə tuta bilər".
Əsədov "Liverpul"un "Qarabağ"la oyundakı mümkün uğursuzluğunun baş məşqçi dəyişikliyinə səbəb olacağını da istisna etməyib: "Hazırda "Liverpul"un durumu sürüşkəndir. Həm Premyer Liqada, həm də Çempionlar Liqasında uğursuzluq olsa, dəyişiklik baş verə bilər. Xüsusən, Azərbaycan kimi ölkələrin çempionatına və futbolunun səviyyəsinə onlar yuxarıdan-aşağı yanaşırlər. Azərbaycan, Qazaxıstan kimi ölkələrin klublarına məğlubiyyət olanda dərhal hansısa addımlar atıla, istefa gözlənilə bilər. Artıq Xabi Alonso və digər baş məşqçilər namizəd kimi göstərilir. Ona görə də hər şey mümkündür. Əlbəttə, "Qarabağ" bunu istəməz, amma futbolun bu tərəfi də var və qaçılmazdır".
Qeyd edək ki, bu gün "Enfild" stadionunda keçiriləcək "Liverpul" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.
Elşən MƏMMƏDOV

















































































