İngiltərənin “Arsenal” komandasının və Ukrayna millisinin futbolçusu Aleksandr Zinçenko karyerasını Niderlandda davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, sol cinah müdafiəçisi bu gün Amsterdam şəhərinə yollanacaq və “Ayaks”la müqavilə imzalayacaq.
Məşhur insayder Fabritsio Romanonun X sosial şəbəkə hesabında yaydığı məlumata görə, 30 yaşlı oyunçu üçün Niderland klubu “Arsenal”a 1,5 milyon avro ödəyəcək. Razılaşmaya futbolçunun Çempionlar Liqasındakı çıxışları ilə bağlı bonuslar da daxildir.
Cari mövsümdə Zinçenko 10 oyunda iştirak etsə də, məhsuldar göstəricilərlə yadda qalmayıb. Ukraynalı futbolçu hazırda “Nottingem Forest” klubunda icarə əsasında çıxış edir. O, daha əvvəl “Mançester Siti” və Rusiya “Ufa”sının da formasını geyinib. Müdafiəçinin “Arsenal”la müqaviləsi 2026-cı il iyunun sonunadək qüvvədədir.











































































