"Qəbələ"nin və Azərbaycan millisinin futbolçusu Şahin Şahniyarovun "Şamaxı"ya səfərdə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra Sportnet.az-a müsahibəsi
- Oyunu necə dəyərləndirirsiniz?
- Qələbə qazanacağımıza inanırdıq. Böyük hesablı qələbə isə daha yaxşı oldu.
- Baş məşqçi Kaxaber Tsxadadzenin texniki zonada olmaması oyununuza təsir etdi?
- İndiyədək məşqlərdə baş məşqçimiz yanımızda olub. Bu oyunda isə texniki zonadan göstərişlərini verir, köməkçi-məşqçimiz Giorgi Çixradze isə o tapşırıqları bizə yönəltməyə çalışırdı. Nəticəsi də belə oldu.
- "Qəbələ" bundan əvvəlki oyunlarda hesabı qoruyub saxlaya bilmirdi. Bəs "Şamaxı" ilə matçda nə baş verdi ki, 4 cavabsız qol vurdunuz?
- Mövsümün ilk yarısı bizim üçün çətin keçdi. Çünki bir çox oyunda hesabda önə keçsək də, şanssızlıqdan hesabı qoruya bilmirdik. Həm də birinci qolu vuranda ikincisini də vurmağı düşünmür, daha çox müdafiəyə meylli oynayırdıq. Bu gün isə ilk qoldan sonra dayanmadıq, növbəti qol arayışında olduq, daha sonra üçüncü və dördüncü qollara imza atdıq. Nəticə də belə oldu.
- "Şamaxı"ya qarşı çoxlu yerli oyunçunuz çıxış etdi. Milli komanda səviyyəsinə yüksəlmiş futbolçu kimi onların perspektivlərini necə görürsünüz?
- Bu, Azərbaycan Premyer Liqasıdır. Çempionatımızda hər bir azərbaycanlının oynaması ölkə futbolu üçün yaxşı haldır. "Qəbələ"də oynayanların hamısı yaxşı səviyyədədir, milliyə layiqdir. Ümidvaram ki, gələcəkdə onları da millidə görəcəyik.
- Legionerlərin gəlişi "Qəbələ"ni nə qədər gücləndirib və yerli futbolçulara necə təsir edib?
- Futbolda legioner və yerli oyunçu söhbətləri etmək düzgün deyil. Çünki kim güclüdürsə, o da oynayır. Ona görə də həmişə mübarizə aparmaq lazımdır. Legioner nə qədər güclü olsa da, gərək onunla rəqabətə girəsən ki, daha da güclənəsən.
- Legionerlərin gəlişi ilə əsas heyətdə yerini itirəcəyindən narahat deyilsiniz?
- Bu, futboldur, heç bir narahatlıq ola bilməz. Hansısa legioner gəlib mənim yerimdə oynasa, bu, o deməkdir ki, problem özümdədir, yəni, legioner özünü məndən daha yaxşı göstərir.
- Köməkçi-məşqçiniz Giorgi Çixradze çıxış etdiyiniz mərkəz yarımmüdafiəçisi mövqeyinə də oyunçu axtardıqlarını bildirdi...
- Bunun mənə heç bir təsiri yoxdur, problem görmürəm (gülür - red.)












































































