"Qarabağ"ın Dağıstan əsilli qapıçısı Şahruddin Məhəmmədəliyev “Çempionat” nəşrinə Çempionlar Liqasının bu mövsümündəki əsas sensasiya ilə bağlı ilk təəssüratlarını bölüşüb. Sportnet.az həmin müsahibəni təqdim edir:
— “Enfild”də 0:6 hesabı ilə uduzdunuz, amma Çempionlar Liqasının pley-offuna yüksəldiniz. Soyunub-geyinmə otağında hansı hisslər üstünlük təşkil edirdi?
— Xüsusi sevinc yox idi. Belə böyük hesabla uduzmaq istəmirdik. Dünya futbolunun nəhəngi ilə mübarizə aparacağımızı düşünürdük. Məyus idik, amma alınan nəticə bu oldu.
— Pley-offa vəsiqəni qeyd etmisiniz?
— Ən böyük sevinc “Ayntraxt”la əvvəlki oyundan sonra idi. Çünki artıq 99 faiz pley-offda olduğumuzu anlayırdıq. Tam rahatlaşa bilmirdik, amma sevinci Liverpuldakından daha çox yaşamışdıq.
— Artıq bir neçə ildir “Qarabağ”dasınız. Bu uğur sizdə hansı hissləri yaradır?
— Bu, bütün klubun və əlbəttə, baş məşqçinin böyük zəhmətinin nəticəsidir. Qurbanovun sistemi, onun düşüncəsi, səbr və gördüyü işlər olmasaydı, bu mümkün olmazdı. Postsovet məkanından olan, belə büdcəyə sahib bir klubun hər il avrokuboklarda oynaması belə böyük nailiyyətdir. “Qarabağ” isə Avropanın ən güclü klubları ilə bərabər səviyyədə mübarizə apardı. Yalnız “Liverpul”la son oyunu uğursuz keçirdik, digər matçların hamısında layiqli çıxış etdik. Bu, Azərbaycan futbolu üçün böyük tarixdir. Bəlkə indi hamı bunu tam dərk etmir, amma illər keçdikcə insanlar bu komandanı daha çox xatırlayacaq.
— Bu nəticə Azərbaycanda futbolun populyarlaşmasına təsir göstərə bilərmi?
— Dövlət başçısı həmişə futbola böyük maraq göstərib, bu idman növünü sevir və nəticələri izləyir. İndi bu fürsətdən istifadə etmək lazımdır. Ölkədə futbol bumu yaşanır, uşaqlar futbol oynamaq istəyir. Vacib qərarlar qəbul olunmalıdır. Ümid edirəm ki, ÇL-in pley-offuna çıxmaq təkcə “Qarabağ” üçün yox, bütün Azərbaycan futbolu üçün təkan olacaq. Düşünürəm ki, bu, dönüş nöqtəsi olmalıdır. Akademiyalara, gənclərə və uşaqlara yatırım edilməlidir, çünki əsas baza budur. İndi bu şansı qaçırmaq olmaz. 10 ildən sonra meydanda 2 yox, 11 azərbaycanlı futbolçu görmək istəyiriksə, bu gün investisiya etməliyik.
— Növbəti mərhələdə kimlə qarşılaşmaq istərdiniz?
— Daha çox PSJ ilə. Bu, Matvey Safonova görə yox, klubun daha ulduzlu və adlı-sanlı olmasına görədir. Həmişə ən güclülərlə oynamaq istəyirsən. Həm “Nyukasl”, həm də PSJ ilə çətin olacaq, amma parisli ulduzlara qarşı oynamaq daha maraqlıdır. Seçim isə bizlik deyil.
— Komandada hazırkı əhval-ruhiyyə necədir?
— Açığı, indi bizim üçün çempionat daha vacibdir. Liderdən 4 xal geri qalırıq və toparlanmalıyıq. Çempionlar Liqasına çox fokuslanmışdıq, indi isə yenidən daxili çempionata qayıtmaq lazımdır. Çempion olmaq əsas hədəfdir. Pley-offa qədər vaxt var, bayram etməyə zaman yoxdur.
— Qurban Qurbanov təxminən 20 ildir “Qarabağ”dadır. Onun fenomeni nədədir?
— “Qarabağ”a gələn hər kəs — Andrey Lunyov yalan deməz — eyni fikirdədir. Qurbanov böyük hərflə İnsandır. Çox ambisiyalıdır. Hətta “Liverpul”la oyunda da qələbə qazanmaq istəyirdik. Yəqin elə buna görə 0:6 hesabı ilə uduzduq (gülür - red.). Öz hücum futbolumuzu oynadıq.
— Deyirlər, o, müasir “Barselona”dan çox şey götürüb...
— Bəli, “Barselona” sisteminin fanatıdır. Bizə də bu prinsipləri aşılayır: topa nəzarət, onu dəyərləndirmək. Son vaxtlar fiziki hazırlığa da çox diqqət yetiririk ki, Avropa səviyyəsinə uyğun olaq. Onlar üç gündən bir bu tempdə oynayır, biz isə yalnız ÇL-də. Buna uyğunlaşmaq üçün daha çox və daha ağır işləməliyik.
— Qurbanov növbəti addıma hazırdırmı?
— O, heç vaxt özü ilə razı qalmır. “Liverpul”a uduzduqdan sonra çox əsəbi idi, hamını danladı. Sonra dedi: “Yaxşı, biz tarix yazdıq, pley-offdayıq”. Amma 0:6 hesabı onu buraxmırdı. Ora sadəcə müdafiə olunmağa yox, qalib gəlməyə getmişdik.
— Pley-offda yanaşma da eyni olacaq?
— Əlbəttə. Biz realistiksə də, məsələn, “Çelsi”yə qarşı meydana “yetər ki, üçdən az buraxaq” düşüncəsi ilə çıxmırıq. Rəqibin kimliyindən asılı olmayaraq, məqsədimiz hər oyunda qələbə qazanmaqdır.













































































