"İlk yarıda çoxlu imkanımız oldu. İkinci qolu vurmalı idik ki, oyunu sadələşdirək. Təəssüf ki, vura bilmədik və sonluq əsəbi keçdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Karvan-Yevlax"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra mətbuat konfransında deyib.
Türkmənistanlı mütəxəssis bildirib ki, İbrahima Vadji qol vura bilməsə də, əsas məsələ fərqlənmək imkanları əldə etməyi bacarır: "Mən ona inanıram. Vuracaq, çünki çalışır".
O, qapıçı mövqeyində Sergey Samoka şans verməsini əsas qolkiper Oleq Baklovun barmağından zədəli olması ilə əlaqələndirib: "Sağaldıqdan sonra baxacağıq. Kim güclü olacaqsa, o da oynayacaq".

Baş məşqçi "Kəpəz"ə qarşı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşü zamanı hakimlərə qarşı davranışına görə üzr istəyib: "Azərbaycan Kubokunun oyununda baş verənlərə görə azarkeşlərdən üzr istəyirəm. Həmin emosional davranış lüzumsuz idi".












































































