İngiltərə Kubokunun 1/16 final mərhələsinin "Çelsi"yə qarşı matçında “Hall Siti”nin xeyli azarkeşi saxlanılıb.
Sportnet.az xəbər verir ki, buna tribunada səsləndirilən təhqiramiz şüarlar səbəb olub.
Birinci hissənin sonlarında stadionda elan olunub: “Tribunalarda təhqiramiz şüarlar səslənir. Sübutların toplanması üçün müşahidə kameralarından istifadə edirik. Cinayət xarakterli hərəkətdə iştirak edən, müəyyənləşdirilən şəxslər stadiondan uzaqlaşdırılacaq və polisə təhvil veriləcək”.
Təxminən bir saat sonra ikinci elan səsləndirilib: “Bu axşam tədbirlər görülüb, o cümlədən saxlanılmalar həyata keçirilib”.
“Çelsi”nin baş məşqçisi Liam Rosenyor insidentə belə münasibət bildirib: “İstənilən təhqir qəbuledilməzdir. Ümid edirəm ki, məsələ araşdırılacaq. Dördüncü hakim nə isə qeyd etdi, amma mən tam şəkildə oyuna fokuslanmışdım. Açığı, detalları bilmirəm”.
Qeyd edək ki, 4:0 hesabı ilə qalib gələn “Çelsi”nin 1/8 final mərhələsindəki rəqibi püşkatmanın nəticəsinə əsasən müəyyənləşəcək.










































































