"Biz fərqli məqsədlər uğrunda mübarizə aparan komandalarıq. Onlar çempionluğa, biz isə Premyer Liqada qalmağa çalışırıq".
Bunu "Qəbələ"nin məşqçisi Giorgi Çixradze evdə "Sabah" komandasına 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis bildirib ki, oyun da iki fərqli hissədə keçib: "İlk yarıda bir qədər passiv oynadıq. Lakin əsas odur ki, qol buraxmadıq. Bir neçə təhlükəli hücumlarımız da oldu. Fasilədən sonra daha yaxşı oynadıq. Sadəcə, ikinci hissənin əvvəllərində adi vəziyyətdə qol buraxdıq. Bu, elə bir vəziyyət idi ki, orada rəqibin əks-hücumu yox idi. Yəni, qol buraxılmamalı epizod idi. Qoldan sonra daha aktiv, aqressiv oynamağa başladıq, sonadək mübarizə apardıq. Sonda mübahisəli epizod, qolumuz oldu. Amma təəssüf ki, real olaraq, hesabı bərabərləşdirə bilmədik".
- Sizcə, həmin epizodda penalti var idi, yoxsa qol idi?
- Mübahisəli dediyimiz epizoddan sonra qolun olub-olmadığını yoxladıq. Qərara gəldik ki, qol təmiz vurulub. Kimə maraqlıdırsa, baxa bilər. Onun düzgün mövqeyi olacaq. Bizim mövqeyimiz isə belədir ki, qol vurmuşuq və bu qol hesaba alınmalıdır.
- Artıq neçənci oyundur cinah müdafiəçilərinizi sonradan dəyişirsiniz. Bəs start heyəti birdəfəlik elə daimi cinah oyunçusundan qurmağı düşünmürsünüz?
- Bu mövqedəki futbolçularımıza baxsaq, məsələn, sol cinahdakı Turan Manafovu dəyişdik. Manafov komandamıza bu yaxınlarda gəlib, hələ tam formada deyil, tədricən formaya düşür. Sağ cinaha gəldikdə, orada rotasiyalar edirik. Əvvəllər Nicat Əliyev oynayırdı, indi isə Eşqin Əhmədov çıxış edir. Hərdən Niğay Rəşidovu da istifadə edirik. Bizdə elə bir şey yoxdur ki, həmişə eyni futbolçular oynasın, sonra isə onları dəyişək. Əlimizdə olan cinah oyunçularından maksimum yararlanmağa çalışırıq.
- Demək olarmı ki, artıq Rüfət Əhmədovun üstündən xətt çəkilib?
- Onu aldığımız vaxt ümid edirdik ki, komandamıza kömək edəcək. Əslində o mövqedə futbolçularımız var idi. Sadəcə, elə oyunçu axtarırdıq ki, o mövqeni gücləndirsin. Rüfət əvvəllər burada oynamışdı, onu tanıyırdıq. O mövqeni daha da gücləndirəcək oyunçu götürməyi düşünürdük. Amma alınmadı. Biz daha yüksək səviyyəli oyunçu istəyirdik.
- Qışda göndərmək istəyirdiniz?
- Müəyyən müddətdən sonra əvəzedici komandada məşq edirdi. Rüfətə dedik ki, təklifin varsa, gedə bilərsən. Sadəcə, elə situasiya alındı ki, komandada qaldı, getmədi.












































































