"Futbolçularıma demişdim ki, çətin oyun olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko səfərdə "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis oyuna ciddi yanaşdıqlarını bildirib: "Rəqib elə vəziyyətdədir ki, itiriləsi heç nələri yoxdur, ölümə qədər döyüşəcəkdilər. Komandama dedim ki, rəqibi qiymətləndirmək lazımdır. Birinci hissədə istədiklərimizi tam olaraq edə bilmirdik. Belə vəziyyətdə səbirli olub şansını gözləmək lazımdır. Səbirli olub əks-hücumda qol vurduq. İkinci hissədə bir az fərqli oynadıq. Rəqibə oynamaq üçün məsafə verməməyə çalışdıq. Futbolçularıma təşəkkürümü bildirdim. Qələbə qazanmaq üçün hər şey etdilər. Hələ rahat ola bilmərik. Qarşıda oyunlarımız var".
Demçenko "dubl" edən Felipe Santos barədə də fikirlərini bölüşüb: "Biz Santosa izah etdik ki, o, yaxşı futbolçudur. Onun yaxşı oyun keyfiyyətləri var. Hər şey çox sadədir. O, öz üzərində daha çox işlədi və əsas heyətə qayıtdı".
Baş məşqçi klub prezidenti Ramin Axundovun axtarışa verilməsi barədə elə də məlumatlı olmadığını söyləyib: "Biz öz işimizi görürük. Bizim standart rejimimiz var. Komanda öz işini görməyə davam edir".














































































