Türkiyənin “Fənərbağça” komandasının unudulmaz futbolçusu Alex de Souza Braziliyanın B Seriyasında çıxış edən "Atletik"ə baş məşqçi təyin olunub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 48 yaşlı mütəxəssisə Joao Paulo Kavalkanti və Joze Roberto Luçini kömək edəcək.
Futbolçu karyerasını başa vurduqdan sonra Aleks əvvəlcə “San-Paulu”nun U-20 komandasının baş məşqçisi olub. Daha sonra B Seriyasında “Avai”, Türkiyə Super Liqasında “Antalyaspor”, eləcə də Braziliya B Seriyasında “Operario-PR” komandalarına rəhbərlik edib.
Qeyd edək ki, Aleks de Souza futbolçu karyerası ərzində ən yaddaqalan dövrünü məhz “Fənərbağça”da keçirib və klub tarixinin əfsanələrindən biri sayılır.












































































