UEFA Çempionlar Liqasında Portuqaliya "Benfika"sına qarşı keçirəcəyi pley-off mərhələsinin cavab görüşü İspaniya “Real Madrid”inin baş məşqçisi Alvaro Arbeloa üçün həlledici ola bilər.
Sportnet.az "sport.es"ə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssisin komandadakı mövqeyi ciddi şəkildə zəifləyib.
Madrid klubu fevralın 25-də doğma meydanda “Benfika”nı qəbul edəcək. İlk qarşılaşma “kral klubu”nun səfərdə 1:0 hesablı qələbəsi ilə başa çatsa da, La Liqada “Osasuna”ya 1:2 hesablı məğlubiyyət rəhbərliyin narazılığını artırıb.
Bildirilir ki, klub rəhbərliyi Arbeloanın bəzi qərarlarının məntiqini başa düşmür və komandanın oyun modelinin aydın olmamasından narazıdır. Eyni zamanda, baş məşqçinin bir sıra addımlarının futbolçulara xoş gəlmək məqsədi daşıdığı düşünülür.
Arbeloa yanvarda istefaya göndərilən Xabi Alonsonun yerinə təyin olunub. Onun rəhbərliyi altında “Real Madrid” 10 oyun keçirib, 7 qələbə qazanıb və 3 dəfə məğlub olub.











































































