"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos səfərdə "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az oyunda "dubl" edən hücumçunun müsahibəsini təqdim edir:
– Matçı necə dəyərləndirərdiniz?
– Oyunun əvvəlləri bizim üçün çətin oldu. Amma vacib olan ilk qolu vurduq. Belə qarşılaşmalarda çox önəmlidir.
– Milli komanda ilə bağlı düşüncələriniz necədir?
– Hazırda Benin millisindəyəm. Mənim üçün Azərbaycanı orada təmsil etmək çox gözəl olardı. 5 il əvvəl də milli komandada şans qazanmışdım. İnanıram ki, hazırkı heyətlə Benin millisi daha da irəli gedə bilər.
– Son oyunlarda əsas heyətdə meydançaya çıxırsınız. Amma yeni baş məşqçi Andrey Demçenko gələndə belə deyildi. Nə dəyişdi?
– İlk gəldiyi vaxtlarda yeni baş məşqçinin futbol fəlsəfəsi fərqli idi. Həmin zaman kəsiyində bəzi oyunçular sistemi anlamaqda çətinlik çəkirdi. Hamı komandaya verdiyim faydanı, kollektiv üçün ən yaxşısını etməyə çalışdığımı bilir. Baş məşqçinin fikirlərinə hörmətlə yanaşıram. Zaman keçdikcə hamı uyğunlaşdı. Mən də hər zaman komandama faydalı olmağa çalışmışam və baş məşqçinin qərarlarına hörmətlə yanaşıram.
– Əvvəlki Felipe Santosu niyə yalnız bu oyunda görə bildik?
– Bəli, keçən mövsüm daha məhsuldar idim. Bu il isə ciddi zədə səbəbindən 6 oyunu buraxdım. İndi isə daha yaxşı formaya düşməkdəyəm. Komandam üçün daha çox qol vurmağa çalışacağam.
– Ötən mövsüm daha ağır idi, yoxsa bu mövsüm?
– Bu mövsüm bir qədər çətindir. Bütün komandalarda yaxşı futbolçular var. "Araz-Naxçıvan"ın da keyfiyyətli futbolçusu çoxdur. Avrokuboklara getməyə böyük şansımız var. Hər şey bizdən asılıdır.
Haşım MƏMMƏDOV











































































