Norveçin "Budö Qlimt" klubu UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.
Sportnet.az Opta Sport-a istinadən xəbər verir ki, “Budö Qlimt” XXI əsrdə Avropanın beş aparıcı liqasından (İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa) kənarda çıxış edən və Çempionlar Kuboku / UEFA Çempionlar Liqasında bu ölkələrin təmsilçiləri üzərində ardıcıl 4 qələbə qazanan ilk klub olub.
Skandinaviya təmsilçisi son qarşılaşmalarda iki dəfə "İnter"i yenib, bundan əvvəl isə Liqanın əsas mərhələsinin VII və VIII turlarında nəhəngləri məğlub edib. Norveç klubu "Mançester Siti"ni 3:1, "Atletiko Madrid"i 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, buna oxşar göstəriciyə sonuncu dəfə 1971/1972 mövsümündə "Ayaks" nail olub. Həmin mövsüm Niderland təmsilçisi Avropa Çempionlar Kubokunun qalibi adını qazanıb.
Beləliklə, “Budö Qlimt” Avropa futbolunun əsas klub turnirində qeyri-top-5 liqa komandaları arasında yeni rekord müəyyənləşdirərək adını tarixə yazdırıb.











































































